image-18backend

“Qanun Azərbaycanın dövlətçilik tarixi ilə bağlı yeni mesajlar verir” – Azay Quliyev

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin Plenar iclasında Prezident İlham Əliyev tərəfindən təqdim olunan “Azərbaycan Respublikasının Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirə edilib.

 

Veteninfo.az xəbər verir ki, müzakirə zamanı çıxış edən Milli Məclisin deputatı Azay Quliyev qanun layihəsinin həm hüquqi, həm də tarixi və siyasi baxımdan vacib və mühüm hadisə hesab etdiyini bildirib.

 

O qeyd edib ki, qanun layihəsində 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə dövlət müstəqilliyinin bərpa edilməsi günü kimi təsbit edilməsi  hüquqi baxımdan tamamilə doğrudur və bu yanaşma tarixi gerçəkliyi özündə əks etdirir.

 

“Bu qanun layihəsini qəbul etməklə müstəqillik tarixmizə qanunvericilik səviyyəsində bir sistemlilik gətirilir, müstəqilik dövrləri ardıcıl və sinxron şəkildə qeyd olunur.

 

Mən, bəzi şəxslər tərəfindən respublika dəyərləri ilə müstəqillik dəyərlərini bir-birinə qarşı qoyulmasını, guya demokrtatik prinsiplərdən imtina ediləcəyi haqqında cəfəng fikirlərin səsləndirilməsini doğru hesab etmirəm. Azərbaycan konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan demokratik, dünyəvi və unitar respublikadır və bu prinsip heç kim tərəfindən təftiş olunmur”, – deyə deputat bildirib.

 

Azay Quliyev vurğulayıb ki, qanun layihəsinin preambula hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək siyasi qiymət verilir, 1918-ci ilin mayın  28-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunması dövlətçilik ənənələrimizn davamı kimi vurğulanır, yəni Azərbaycan xalqının bundan əvvəl də dövlətə malik olduğu, dövlətçilik tarixmizin 1918-ci illə məhdudlaşmadığı bildirilir.

 

“Bundan başqa qanun layihəsində  ADR-in cəmi 23 ay yaşamasına və bütün manelərə baxmayaraq, Cümhuriyyət qurucuları tərəfindən  dövlət atributlarının qəbul olunması,  parlamentin seçilməsi, hökumətin təsis olunması, dövlət sərhədlərinin müəyyən edilməsi, Cümhuriyyətin beynəlxalq hüququn subyekti kimi tanınması və xalqımız tərəfindən müsəlman şərqində ilk demokratik ənənələrin əsasının qoyulması faktına xüsusi yer ayrılır  ki, bu da ayrıca təqdir olunmlıdır”, – deputat deyib.

 

Onun sözlərinə görə, bu qanun layihəsilə Azərbaycan bir daha dünyaya bəyan edir ki, müstəqil dövlətimiz olan Azərbaycanın Xalq Cümhuriyyəti süquta uğramasına  baxmayaraq, xalqımızın müstəqillik uğrunda mübarizəsi davam edib, bu istiqamətdə real addımlar atılmış və nəhayət  18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərək Azərbaycanın dövlət müstəqilliyi bərpa edilib.

 

“Məhz bu qanun layihəsi ilə Azərbaycanın son 103 ildəki  müstəqillik tarixi ardıcıl və mərhələli şəkildə qeyd olunur, indiyə qədər bu sahədə mövcud olan sistemsizlik və boşluq aradan qalxır,  Azərbaycanın  müstəqil dövlətçilik tarixi ilə bağlı dünyaya yeni mesajlar verir.

 

Bu mesajlardan biri də Azərbaycan Respublikasının 114 min kv km əraziyə malik olan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olması haqqında müddəadır.

 

Bu müddəanı  qanun layhəsinə gətirməklə biz həm də 1920-ci illərin əvvəllərində itirilmiş torpaqlarımızı xatırlayır və qondarma Ermənistanın tarixi torpaqlarımız, İrəvan, Zəngəzur və Göyçə mahalı üzərində süni şəkildə yaradıldığını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq”, – deyə deputat qeyd edib.

 

Azay Quliyev çıxışı zamanı qanun layihəsinin digər mühüm tarixi əhəmiyyətinə də toxunub.

 

“Biz xalq olaraq ilk dəfədir ki, dövlət müstəqilliyimizin bərpasını, yəni 30 illik yubileyini fərqli formada, ərazi bütövlüyünü bərpa edən, qaməti düz və  qəhrəman xalq kimi qeyd edirik.

 

Əgər biz Cümhuriyyət qurucularını müsəlman şərqində bir çox ilklərə imza atan dövlət xadimləri kimi xatırlayırıqsa, gələcək nəsillər cənab İlham Əliyevi 200 illik torpaq itkisinin qarşısını alan və çağdaş dünyamızda öz gücünə ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan kimi fəxrlə  xatırlayacaqlar.

 

Fürsətdən istifadə edib Azərbaycanın gerçək müstəqilliyini və ərazi bütövlüyünü təmin edən cənab Prezidentə xalqımızın şərəfli tarixini özündə əks etdirən bu qanun layihəsini Milli Məclisə təqdim etdiyinə görə təşəkkür edirəm.

 

Sonda isə Cümhuriyyət Qurucularının, müstəqil dövlətimizn banisi Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anır, dövlət müstəqilliyimizin bərpa edilməsinin 30 illik yubileyi münasibətilə başda cənab Prezident olmaqla xalqımızı və Milli Məclisi ürəkdən təbrik edirəm”, – deyə deputat sözlərini yekunalşdırıb.

 

Azay Quliyev deputat həmkarlarını qanun layihəsinə səs verməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki