image-0df35c5ef6f21d8403d3e369226e40dfbackend

Qaranlıqdan aydınlığa, zülmətdən nura və əsarətdən azadlığa

image-reklam_sirab_01

Deyirlər, alimlərin qələminin mürəkkəbi ilə şəhidlərin qanı eynidir. Onların heç biri itkiyə getmir, əksinə biri cəmiyyətin beyninə, digəri isə cəmiyyətin damarlarına hopur. Hər ikisi cəmiyyəti qaranlıqdan aydınlığa, zülmətdən nura və əsarətdən azadlığa aparır.

44 günlük Vətən müharibəsi nəticəsində də uzun illər qaranlığa və zülmətə qərq olmuş, əsarətə düşmüş əzəli və əbədi torpaqlarımızın aydınlığa, azadlığa və nura çıxdığının şahidi olduq. Artıq bu gün o torpaqlarda həyat qaynamağa başlayıb. Günəş isə azad edilən bütün ərazilərə öz nurunu saçır.

Müqəddəs Qurani-Kərimdə qeyd olunur ki, şəhidlər ölmürlər, onlar diridirlər.

– Cəmiyyətin damarlarına qan verən şəhid ölü ola bilməz;

– Milyonları yaşatmaq üçün özlərini qurban verənlər ölü ola bilməz;

– Xalqın haqqını geri alıb başını ucaldan ölü ola bilməz;

– Şəhidliyi ilə millətə güc verən, xalqını yaşadan ölü ola bilməz;

– Qəhrəmanlığı, cəsarəti və şücaəti ilə xalqına, millətinə, bütövlükdə bəşəriyyətə nümunə olan kəs ölü ola bilməz.

Əgər bu gün şəhidlərimizin ömür və döyüş yolu, eləcə də qəhrəmanlıqları bizim hər birimizin həyatına örnək olursa, deməli, onlar diridirlər. Ölü olandan necə nümunə götürə bilərik ki?

Şəhidlər bir xalqın, bir dövlətin tarixində insanı həyatda saxlayan ürək kimidir. Necə ki, ürək insan orqanizmində əsas funksiyalardan birini icra edir, şəhidlər də xalqımızın tarixində həmin vəzifəni daşıyırlar. Yuxarıda dediyimiz kimi, şəhidin qanı yerə deyil, cəmiyyətin damarlarına axır.

Vətəni Vətən edən şəhidlər

Düşünürəm ki, şəhid Vətən adlı yerdə bu uca zirvəyə yüksəlir. Bu baxımdan Vətəni digər formada Şəhidistan da adlandıra bilərik. Yəni Vətəni Vətən edən, onu qiymətə mindirən məhz şəhidləridir.

5265fdd5-5254-43fc-ad8c-e94409133b4c.jpg (229 KB)

İlahiyyatçı, şərqşünas-pedaqoq Əli Rzazadə mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, şəhidliyin ikinci adı ölümsüzlükdür. O deyir ki, müharibələrdə yüksək nailiyyət əldə edən döyüşçülərə ali təltiflərin verildiyini görürük. Misal üçün, birinə general, digərinə müxtəlif ordenlər verilir və beləliklə onların nümunəvi xidmətləri dəyərləndirilir: “Lakin ən ali rütbə və təltif Vətən uğurunda canını fəda edənlərə verilir ki, o da şəhidlikdir. Şəhid Allah tərəfindən ən ali rütbə ilə mükafatlandırılır və bu ali rütbədən yüksəkdə heç bir dəyər dayanmır. Şəhidlərə fədakarlıqlarının qarşısında Allah tərəfindən ölümsüzlük adlı mükafat verilir. Şəhid sözü teminologiyasında həyatda olduğu və olmadığı dövrlərdə zamanları müşahidə edən, hadisələrin şahidi olan mənasındadır. Hər bir insan ölümsüzlük arzu edir, lakin hamı onu əldə edə bilmir. Onu əldə etməyin bir yolu da şəhidlik şərbətini içməkdir”.

Mən şəhidi özünü ətrafında fırlandığı şamın alovuna çırpan və bununla da özünü yandırıb həyatına son qoyan pərvanə ilə müqayisə edərdim. Vətəni aşırı dərəcədə sevmək, aşiq olmaq, ona bağlanmaq da nəhayətdə özünü məşuquna fəda etmək deməkdir.

İlahiyyatçı Əli Rzazadə şəhidlərimizə həsr etdiyi şeirin bir misrasında belə deyir:

“- And içdin: “Dəyişmərəm
Vətəni, Cənnət olsa…”
Sən Vətəni Cənnətə
Dəyişirsənmi yoxsa?”.

Cənnət yaşadığı yeri özünə Vətən seçənlərin qanına susayıb

Doğrudan da, Vətənini canı, qanı və bütün varlığı ilə sevən kəsin sonu Cənnət də olmalıdır. Bəziləri üçün yaşadığı yer ölkəsi sayılırsa, yalnız şəhidlər üçün yaşadıqları yer hər zaman Vətəndir. Buradan belə nəticəyə gələ bilərik ki, yaşadığı yeri özünə Vətən seçənlərin və bunu əməlləri ilə sübut edənlərin növbəti ünvanları məhz Cənnət olacaqdır!

Ən gözəl ölümün şəhidlik olduğunu bildirən ilahiyyatçı deyir ki, şəhadət dəyərlər naminə dünyanı öz istəyi ilə tərk etməyin digər bir adıdır:

“Yaşadığımız dünyada hər bir şeyin gözəli olur. Təbiətin gözəli, insanın gözəli, havanın gözəli və s. olduğu kimi ölümün də gözəli olur. Ölümün gözəli isə şəhidlikdir. Hər bir şəhid millətin izzət qalasının başında əbədiyanar məşəldir. Şəhidlik seçilmiş bəndələrdən Tanrının yandırdığı elə bir məşəllərdir ki, o, millətin qaranlıq gecələrini aydınlığa çıxararaq parlaq gələcəyə addımlamasına vasitə olsun və millət şəhidin məşəli altında həqiqət yolundan azmasınlar. Bəzən mənə elə gəlir ki, insan şəhidliklə haqq yolunda ölümü öz ixtiyarı ilə seçərkən Tanrı onun bu seçiminin qarşılığı olaraq ona ölümsüzlüyü hədiyyə edir. Sanki, ölümsüz olmaq üçün mütləq ölməyi istəməlisən ki, Yaradan sənə bu istəyinin qarşılığında ölümsüzlük hədiyyə etsin. Onsuz da ölüm bir gün hər bir insanı haqlayacaq və insan bu müvəqqəti həyatdan birdəfəlik gedəcək. Xoş o insanlarən halına ki, onlar haqqın, ədalətin yolunda öz canlarını fəda etməyi bacarırlar”.

Hər bir vətənpərvər insan potensial şəhiddir. Bu gün Vətənini, millətini, xalqını və dövlətini sevən o qədər canlı şəhidlərimiz var ki! Gecə-gündüz dövlətimiz, xalqımız və millətimiz üçün çalışan, cəmiyyətimizin dəyərlərini qoruyan, onları uca tutan əsl vətənpərvərlər!

Yeri gəlmişkən, düşünürəm ki, hər bir xalqın, cəmiyyətin, toplumun öz dəyərləri mütləq olmalıdır. Milli və mənəvi dəyərləri olmadan xalqın mövcudluğu mümkün deyildir. Dəyərlər cəmiyyət üçün bir etalon xarakterini daşıyır və ya mayak rolunu oynayır.

Hər bir insan o dəyərlərinə söykənərək addımlayır. Bəzi dünya ölkələrinə nəzər salsaq görərik ki, dəyərləri ayaqları altında tapdalanan yerlərdə mənəvi böhranlar baş alıb gedir. Mənim fikrimcə, hər bir xalqın mənəvi dəyər hesab etdiyi azadlıq özü də müəyyən bir çərçivədə, mövcud sərhədləri daxilində olmalıdır. Bu gün azadlığın sərhədlərini götürən ölkələrdə hər gün davam edən çaxnaşmaların, əxlaqsızlıqların, mədəniyyətsizliklərin hökm sürdüyünün şahidi oluruq.

05fd1c5a-364c-4255-a87e-797d003b7372.jpg (109 KB)

Vətən müharibəsi iştirakçısı, filosof Ramin Musayev Musavat.com-a açıqlamasında bildirib ki, vətənpərvərliyi qoruyub saxlayan həm də mənəvi dəyərlərimizdir. Onun sözlərinə görə, mənəvi dəyərlər olmadan insan heç vaxt özünün bioloji mənini aşa bilməz:

“İnsan yeganə ali varlıqdır ki, onda mənəvi dəyərlər təkcə fiziki səviyyədə deyil, həm də ruhi səviyyədə davam edir. Ona görə də insanların bir-birinə münasibəti mənəvi dəyərləri ehtiva edir. Mənəvi dəyərlər coğrafi yerləşmədən asılı olaraq dəyişkəndir. Cəmiyyətlərin öz coğrafiyasına və iqliminə görə öz-özünə, təbii olaraq müəyyən mənəvi dəyərləri formalaşdırılıb. Mənəvi dəyərlər olmasa, insanlar heç vaxt birlikdə sosial şəkildə yaşaya bilməz, onlar digər aşağı canlılar kimi, tək-tək, fiziki varlıqlar kimi yaşayarlar”.

Filosofun sözlərinə görə, bəziləri hesab edir ki, vətənpərvərlik guya yalnız sonradan aşılanan, öyrədilən fenomendir: “Amma bu belə deyil, çünki bu hiss həm də fitri fenomendir. Yəni insan öz arealını, ölkəsini, cəmiyyətini, rayonunu, şəhərini, kəndini, məhəlləsini qorumağı özünə mənəvi borc bilir. Bunu ona heç kim aşılamayıb və öyrətməyib, sadəcə olaraq bu, onun fitrətində həkk olunmuş bir koddur. Ona görə də bunu heç kim dəyişə bilməz. Eyni zamanda, vətənpərvərlik fitri olmaqla yanaşı, həm də təfəkkürə bağlıdır. Vətənpərvərlik həm də insanları birləşdirən dəyərdir. Bu dəyər etnik, dini və irqi tərkibdən asılı olmayaraq birləşdiricilik xüsusiyyətinə malikdir”.

R.Musayev qeyd edir ki, şəhidlik ölümün ən ali missiyalı, yəni hər hansı bir missiyanı yerinə yetirən bir şanslı formasıdır: “Elə bir şanslı ölüm ki, bu, hər adamın hər dəfə axtarması ilə tapılmaz. Şəhidlik həm də ona görə müqəddəs dəyər sayılır ki, bu, bir etalondur. Etalon olduğuna görə insan buna həmişə can ata bilir. Amma bununla yanaşı əslində, insan həyatda sağ qalmağa çalışan varlıqdır. Bəs o, niyə həyatından keçir və şəhid olur? Çünki o, özü üçün həyatda qalmağından daha böyük bir dəyər tapır. Bu dəyər məhz şəhidlikdir”.

1bca73a4-2615-46f7-a2c5-3b706f3fd5f1.jpg (89 KB)

Hərbi-ekspert Ədalət Verdiyev isə Musavat.com-a açıqlamasında deyir ki, gənclər arasında Vətən sevgisinin aşılanmasına ailədən başlanılmalıdır. Onun sözlərinə görə, artıq bu sevgi məktəb dövründə vətənpərvərlik hissinə çevrilir. Sonradan nəzəri olan bu sevgi və hiss məhz hərbi xidmət zamanı özünü nümayiş etdirməyə başlayır.

Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi uğurlara toxunan ekspert bildirib ki, bu Zəfər son 200 ilin ən əlamətdar və möhtəşəm hadisəsidir: “1994-cü ildən başlayaraq Vətən müharibəsinin sonuna qədər Azərbaycan əsgəri bir dəfə də olsa, erməni silahlılarının qarşısında bircə addım belə geri atmadı. Əksinə, biz dəfələrlə xalq olaraq, millət olaraq, ordu olaraq işğal faktı ilə heç bir zaman barışmayacağımızı, torpaqlarımızı istənilən yolla düşməndən azad edəcəyimizi nümayiş etdirmişdik. Azərbaycan xalqı Tovuz döyüşləri zamanı səfərbərlik şöbələrində müharibəyə yollanmaq üçün növbəyə durmaqla nə qədər vətənpərvər olduğunu, işğal ilə nə qədər barışmaz olduğunu, erməni silahlılarına qarşı öz gücünü nümayiş etdirməyə hazır olduğunu aç-aşkar ifadə etdilər. Bu gün Ali Baş Komandanın, qəhrəman şəhidlərimizin, ordumuzun və millətimizin sayəsində Azərbaycan xalqı qalib xalqdır. Azərbaycan Ordusu öz xidmətləri ilə Ermənistan ordusunu fərari orduya çevirə bilib. Məhz Azərbaycan əsgərinin gücü qarşısında tab gətirməyən erməni əsgərlər arasında fərarilik geniş yayılmışdı. Biz hədəflərimizə doğru inamla irəliləməkdəyik. Bu gün əldə etdiklərimizə görə və torpaqlarımızın işğaldan azad edilməsinə görə, azad edilən torpaqlarda Azərbaycan bayrağının ucalmasına görə şəhidlərimizə, qazilərimizə onları tərbiyələndirən valideynlərə borcluyuq”.

Səid Qərib

Qeyd: Yazı şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə ithaf olunur.

Bu yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı məqalə müsabiqəsinə təqdim edilmək üçün hazırlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki