image-photo-2021-11-26-15-43-16backend

Qayıdışın mübarək, Laçınım

image-reklam_sirab_01

Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayon Qarabağın öz gözəlliyi ilə dünyaya səs salan bir parçasıdır. Laçın rayonunun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometr olan rayonumuzun 72 min hektar yaylaq sahəsinə, 34 min hektar meşə massivinə malikdir. Laçın rayonu öz Laçın dəhlizi ilə də daima diqqət mərkəzində olmuşdur.
Rayonumuzun bu qədər gözəlliyi, təbii ki, digər dövlətlərin də diqqət mərkəzində idi. Laçının zəngin təbii sərvəti ona Ermənistan tərəfinin göz dikməsinin ən böyük səbəblərindəndir. Elə məhz bu səbəbdən də 1993-cü il 18 may tarixində Laçın rayonu tarixən qucaq açdığımız, qonşuluq münasibəti saxladığımız Ermənistan ordusu tərəfindən işğala məruz qaldı. Laçın rayonunun əhalisi öz tarixi torpaqlarından didərgin düşdü.
Laçın rayonu bizim 2020-ci ilə qədər xalq olaraq ən böyük dərdimiz idi. Biz Laçını ancaq ürək yanğısıyla anır, bu dərdin sonunun gələcəyi günü gözləyirdik. Qarşı tərəfin Qarabağın işğaldan azad edilməsi ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin heç birinə əməl etməməsi, sülh danışıqlarını uzatması artıq xalqımızın səbrinin tükənməsinə gətirib çıxarırdı. Nəhayət 2020-ci il 27 sentyabrda başlanılan Vətən müharibəsi bizi Laçına, Qarabağa aparan yol oldu. Müharibənin gedişi zamanı bizə hər gün cəbhədən qələbə, zəfər xəbəri gəlirdi. Növbəti şad xəbər isə Laçından gəlmişdi. 9 noyabr 2020-ci il tarixində müzəffər ordumuz Laçın rayonunun Güləbird kəndini işğaldan azad etdi. Prezident İlham Əliyevin şəxsi twitter hesabında paylaşılmış bu xəbər xalqımızın sevincini qat-qat artırdı. Bu xəbər artıq Laçının qayıdışına yaxınlaşdığımızı göstərirdi. Nəhayət, 2020-ci il 10 noyabr–da qələbə xəbərinə oyandığımız o gecədə Laçının qayıdış xəbərini də eşitdik.
Biz Laçına Prezident İlham Əliyevin, Şəhidlərimizin, qazilərimizin, bir sözlə, qəhrəman ordumuzun ayaqları ilə getdik. Biz Laçın işğaldan azad edildikdən sonra da öz əqidəmizdən, öz mövqeyimizdən geri dönmədik. Ermənistan tərəfinin əhalimizi, xalqımızı məcburi şəkildə çıxartdığı torpaqları boşaltmaları üçün onlara zaman verdik. Biz xalqımızı öz dədə-baba torpaqlarından zülümlə, zorla çıxardan xalqa bizim torpaqlarımızı boşaltmaları üçün 21 gün vaxt verdik. Bu bizim millət olaraq necə dözümlü, necə tolerantlı olduğumuzun ən bariz nümunəsidir.
Bu gün Laçın uzun illərdən sonra onu əsl sevənlərlə, onun əsl övladları ilədir. Biz Laçına yenidən həyat verəcəyik. Biz Laçına yenidən nəfəs gətirəcək, onu yenidən abadlaşdıracağıq. Bu yolda artıq böyük addımlar atılır. Artıq Laçında 8 meqavat gücündə olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu Laçına işıq gəlməsi, Laçınında yenidən çırağımızın yanması deməkdir.
Qarabağda salınması planlaşdırılan üç hava limanından biri məhz Laçının Qorçu kəndində inşa ediləcək. Bu Laçının hər sahədə, hərtərəfli inkişaf edəcəyini deməyimizə əsas verir.
Prezident İlham Əliyev öz xanımı Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Laçın rayonuna səfər etmiş və oradan xalqımıza səslənmişdir. O, bizim yenidən Laçına qayıdacağımızı, yenidən Qarabağlı günlər yaşayacağımızı bildirmişdir. Həmçinin Prezident İlham Əliyev Laçının azad edilməsi uğrunda igidlik göstərən qəhrəmanlarımızı 26 noyabr 2020-ci ildə “Laçının azad olunmasına görə” medalı ilə təltif etdi. Biz qəhrəmanlarımızı unutmur, hər zaman onları anırıq.
Mən özüm Laçın rayonunun Şamkənd kəndindənəm. Mən Laçını heç görməsəm belə onu valideyinlərimin təsviri, sevgisi sayəsində sevmişəm. Mən Laçının işğaldan azad edilməsi xəbərinin sevinc göz yaşları ilə qeyd edildiyi ailədənəm. Bizə-gənc nəslə Qarabağı, Laçını xalqımız sevdirib, çünki onlar Qarabağı unutmayıb. Qarabağın həsrəti ilə yaşayıblar. Bu gün Laçın azaddır. Artıq xalqımız kədərlə Laçının işğal gününü yox,sevinclə Laçının işğaldan azad edildiyi günü qeyd edir. Çünki artıq 18 may 1992-ci il yox, 1 dekabr 2020-ci il var.
Qayıdışın mübarək doğma yurdum, vətənim, Laçınım. Azadlığın əbədi olsun.
Bakı Slavyan Universiteti
Məmmədova Elnarə/ Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki