image-meshurbackend

Qərb nə üçün Ermənistanı deyil, Azərbaycanı seçdi? Xilaskar strategiyanın qələbəsi-Məşhur Məmmədov Yazır

image-reklam_sirab_01

Ermənistanda siyasi məyusluq hökm sürür. Buna səbəb ermənilərin Qərbdən gözlədikləri ümidlərin fiaskoya uğramasıdır. Həm Ermənistan, həm də Qarabağdakı separatçı dəstə xüsusilə də ABŞ-ın Azərbaycana sanksiyalar tətbiq edəcəyinə ümid bəsləyirdi.  ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana, Baş nazir Nikol Paşinyan da daxil olmaqla Ermənistan rəsmilərinin Amerikaya səfərləri, Prezident Co Baydenin “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi, bəzi konqresmenlərin Azərbaycana qarşı təşəbbüsləri ilə əlaqədar ermənilər arasında revanşizm dalğasının yenidən qabarması müşahidə olunur.

Ona görə də Ermənistan rəhbərliyi və özünün “xarici işlər naziri” David Babayanı ABŞ-a göndərən cinayətkar rejim rəsmi Vaşinqtonun işğal dövründəki status-kvonu bərpa edəcəyini gözləyirdi. Ancaq Nikol Paşinyanın açıqlaması nə ABŞ-da, nə də Fransada aparılan müzakirələrdə Ermənistanın istəyinin qəbul olunmadığını göstərir. Halbuki, Ermənistan bu danışıqlardan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa edəcəyinə, ABŞ-ın və Fransanın siyasi təzyiqləri qarşısında Azərbaycanın Qarabağda müstəqil erməni dövlətinin yaradılmasına razılıq verməyə məcbur olacağına çox inanmışdı. Buna baxmayaraq, Baş nazir Paşinyanın Ermənistan İctimai Televiziyasının efirində söylədiyi fikirləri Azərbaycana qarşı sanksiya tətbiq ediləcəyi və Minsk Qrupunu vasitəçilik missiyasına bağlanan ümidlərin illüziya olduğuna dair etirafı kimi qəbul oluna bilər.

Paşinyan bildirib ki, nə Moskva, nə Brüssel, nə də Vaşinqton “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımağa hazır deyil. Onun sözlərinə görə, Avropa İttifaqı, ABŞ və  Rusiya beynəlxalq nöqteyi-nəzərdən “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkib hissəsi olması barədə bəyanatlar veriblər.

Paşinyanın bununla son vaxtlar ABŞ-da və Fransada aparılan danışıqların heç bir nəticə vermədiyinə işarə edib. Hökumət başçısı açıq şəkildə Qərbə olan gözləntilərin özünü doğrultmadığını  deyib. Çünki həm ABŞ, həm də Fransa Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır. Ermənistanın ərazi iddiaları münaqişəyə səbəb olduğu üçün ABŞ-ın və Fransanın  regiondakı strateji maraqlarını təhdid edir. “Hraparak” qəzetinin yazdığına görə, Paşinyan hökumətin iclasında Qərbin qapalı danışıqlarda ondan Azərbaycanla sülh müqaviləsi bağlamağı tələb etdiyini deyib. Bu isə bölgədə status-kvonun dəyişməsində Qərbin maraqlı olmadığından xəbər verir. ABŞ və Avropa İttifaqı Cənubi Qafqazın nəqliyyat və enerji “hub”ına nəzarəti ələ almağa çalışan Rusiyanı prosesdən kənarlaşdırmağa çalışır. Ancaq Qərb bunun Ermənistan hakimiyyətinin təklif etdiyi kimi, bölgədə ərazi münaqişələri hesabına təmin olunmasının əleyhinədir. Qərb 44 günlük  Vətən müharibəsindən sonra formalaşmış yeni geosiyasi reallığı qəbul edib. Əlbəttə, Qərbin sülh prosesində Rusiyanın üstünlüyünün qarşısını almaq cəhdi Azərbaycan-Ermənistan sərhəddində maraqlar toqquşmasına səbəb olur. Ermənistan qarşıdurmadan istifadə edib Azərbaycanı Qərbin  hədəfinə gətirməyə cəhd etsə də, bu bir neçə konqresmenin ABŞ-da seçkilər öncəsi ermənilərin səslərini almağa hesablanmış kampaniyadan kənara çıxmadı.

Ermənistan ABŞ-ın və Fransanın bölgədə fəallaşması üçün ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının bərpasına əsas vasitələrdən biri hesab edir. Lakin Paşinyanın açıqlaması Minsk Qrupuna olan ümidlərin də reallaşmadığını göstərir. Baş nazir qeyd edir ki, Ukrayna hadisələri fonunda ATƏT-in Minsk qrupunun həmsədrləri arasında münasibətlərdə problemlər var.  Onun sözlərinə görə, tərəflər işə hazır olduqlarını bildirsələr də, təcrübədə bir-biri ilə sadə ünsiyyət problemi mövcuddur. Əslində, ABŞ və  Fransanın Minsk Qrupu çərçivəsində Rusiya ilə diplomatik əməkdaşlıqdan imtina etməsi hələ aprel ayında baş verib. Bu onsuz da fəaliyyəti deaktiv olmuş Minsk Qrupunun dağılması deməkdir. Belə olan halda regional proseslərə heç bir gücü və təsiri olmayan Ermənistanın üç fövqəldövləti bir araya gətirib Cənubi Qafqazda status-kvonu dəyişmək niyyəti təbii ki, yalnız siyasi fantaziya kimi qiymətləndirilə bilər. Ukraynanın dörd əyalətinin saxta referendum yolu ilə Rusiya tərəfindən ilhaq edilməsi müharibənin yeni gərgin mərhələyə keçməsinə səbəb olub. Ona görə də müharibənin hələ davam edəcəyi, yəni Rusiya və Qərb arasında qarşıdurmanın dərinləşəcəyi proqnozlaşdırlır. Belə olan halda ATƏT-in Minsk Qrupunun aktivləşdirmək və onun üzərindən Qarabağdakı ermənilərə status almaq istəyi qeyri-ciddi səslənir.

Prezident İlham Əliyevin oktyabrın 1-də Bolqarıstana səfəri Qərb dövlətlərinin Azərbaycanın strateji əhəmiyyətinin Ermənistandan daha vacib olduğunu göstərir. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun əsas tədarükçüsü kimi Azərbaycanın rolu Avropa üçün getdikcə artır. Ukraynada gedən müharibə fonunda Avropaya “mavi yanacağın” həcminin kəskin azalması Azərbaycan qazına tələbatı artırıb. Baltik dənizində “Şimal Axını” qaz boru kəmərində baş vermiş qəzadan sonra Rusiyanın Avropaya əsas təzyiq vasitəsi aradan qalxıb. Qarşıdan gələn soyuq qış mövsümündə Rusiya Ukraynaya dəstək verən Avropa ölkələrini cəzalandırmaq üçün enerji təhcizatını dayandıra bilməyəcək. Çünki dərin sularda həmin kəmərin tam boşalması, təmiri və yenidən doldurulması bir neçə ay vaxt tələb edir ki, ona qədər qış mövsümü başa ata bilər. İkincisi, həmin kəmərlə nəql olunan yanacağın əsas idxalçısı sayılan Almaniya bu ilin sonuna qədər Rusiya qazından imtina etmək barədə qərar verib. Məsələnin siyasi tərəfinə gəlincə, “Şimal axını”nda baş verən sızma Rusiyaya qarşı sanksiyalara qoşulmuş Avropa ölkələri arasında fikir ayrılığı ehtimalına son qoyur. Yəni tədarük dayandığına görə istənilən ölkənin Rusiya ilə qaz anlaşmasına getməsi mümkünsüz olacaq. Rusiya qazının Avropaya satışının dayanması fonunda digər ölkələrə tələbat artacaq.  ABŞ, Əlcəzair, Qətər, Misir, Səudiyyə Ərəbistanı Avropaya daha çox sıxılmış qaz təklif edir. Lakin Azərbaycan “mavi yanacağı”nın Avropa bazarında alıcıları az olsa da maye qazla müqayisədə daha ucuz başa gəlir. Bu isə İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya kimi ölkələri cəlbedci edir. Üstəlik, həmin ölkələr qaz anbarlarını doldurduqdan sonra əlavə yanacağı qonşu ölkələrə də satmaq imkanı əldə edə bilər. Ona görə də bu gün Azərbaycan Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycan Prezidentini Avropanın xilaskarı kimi dəyərləndirməsi də məhz bununla bağlıdır: “Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız”.

Azərbaycanın bu enerji strategiyası Qərbin üçün  Ermənistanın ərazi iddialarından daha önəmlidir. Qeyd edilən siyasi kurs Avropanı Rusiyanın enerji asılılığından xilas etməyə çalışan ABŞ-ın da maraqlarına cavab verir. Ona görə də ABŞ ərazisində Rusiya hərbi bazaları saxlayan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistana görə Azərbaycana qarşı sanksiyalaşdırıcı addım atmaq, Avropanın enerji təhlükəsizliyinə zərbə vurmaq istəməz.

 

Xüsusi olaraq Vətəninfo.az üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki