Yeni il ərəfəsində Azərbaycanda restoran və otellərdə qiymətlərin kəskin bahalaşması müşahidə olunur. Xüsusilə turizm potensialı ilə seçilən Qusar rayonunda yaranmış vəziyyət narazılıqlara səbəb olub.
Saytımıza müraciət edən turistlərin bildirdiyinə görə, dekabrın 15-dən etibarən Qusarda fəaliyyət göstərən bir sıra restoranlar hər bir müştəri üçün 100 manat məbləğində depozit tələbi irəli sürüb. Məlumata görə, bu tələbin yanvarın 5-dək qüvvədə olacağı bildirilir. Bu isə ailəsi ilə restorana gələn şəxsin hər bir ailə üzvü üçün ayrıca 100 manat depozit ödəməsi deməkdir.
Vətəndaşlar bu addımı əsassız və yolverilməz hesab edərək, bunun bölgənin turizm potensialına ciddi zərbə vurduğunu bildirirlər. Qusara səfər edənlərin sözlərinə görə, rayondakı qiymətlər bəzi hallarda dünyanın tanınmış turizm mərkəzlərindəki qiymətlərlə müqayisədə daha baha görünür.
Mövzu ilə bağlı turizm bloggeri Kənan Qurbanov bildirib ki, bölgələrdə qiymət siyasətinə nəzarət edən qurumlar bu məsələyə ciddi diqqət ayırmalıdır. Onun sözlərinə görə, Gürcüstanın ən bahalı restoranlarında belə 4 nəfərlik ailənin qidalanması təxminən 200–250 manat civarındadır.
“Bakını kənara qoysaq, bölgələrdə mövcud qiymət siyasəti biabırçı vəziyyətdədir və bu mütləq nəzarətdə saxlanılmalıdır. Məhz bu bahalaşma səbəbindən ölkəmizə turist axını sürətlə azalır. Hazırda Azərbaycana daha çox Hindistan və Pakistandan turistlər gəlir, lakin bu qiymətlərlə onlar da bir daha ölkəmizə səfər etməyə bilərlər”, – deyə Kənan Qurbanov qeyd edib.
Qeyd edək ki, ekspertlər hesab edir ki, süni qiymət artımı həm daxili turizmə, həm də Azərbaycanın beynəlxalq turizm imicinə mənfi təsir göstərir.


























