Dövlət Təhlükəsizlik Xidməti (DTX) ötən gün “Ramiz Mehdiyev işi” ilə bağlı məlumat yayıb. Məlumatda sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin – Əli Kərimli şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlmiş hərəkətləri əks olunub. Eyni zamanda, Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə əlaqəli şəxslərlə səs yazıları da yayımlanıb.
Oktyabrın 14-də ev dustaqlığına məhkum edilmiş Ramiz Mehdiyevin qətimkan tədbiri bir neçə gün əvvəl yenidən uzadılıb. İş üzrə araşdırmaların başlanmasından artıq 4 ay keçir və açıqlanan materiallar, həmçinin istintaqın gedişi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Maraqlı məqamlardan biri isə Mehdiyev-Kərimli-Rusiya şəbəkəsinin media qolu ilə bağlı hələlik rəsmi açıqlamaların verilməməsidir. Qeyd olunur ki, AXCP-nin nəzarətində olan daxili və xarici media qurumları məlumdur. Lakin əsas diqqət Ramiz Mehdiyevin nəzarətində olan media orqanlarına yönəlib və bu istiqamətdə araşdırmalar hələ gündəmə gətirilməyib.
Məlumdur ki, Ramiz Mehdiyev şəbəkələşmədə medianı əsas amillərdən biri hesab edib və FETO lideri Fətullah Gülənin şəbəkəsində olduğu kimi, media ayağını formalaşdırması mümkündür. Görünür, dövlətin müvafiq orqanları hələ şəbəkənin media imamını açıqlamaqda tələsmirlər, çünki bu açıqlama ölkədə fəaliyyət göstərən bir çox media rəhbərlərinin vəziyyətinə təsir edə bilər.
Aydındır ki, Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə bir sıra media rəhbərləri ilə təmasda olub və həmin şəxslərin idarə etdiyi media qurumlarına müxtəlif yollarla yüksək vəsaitlərin ödənilməsi təmin edilib.


























