İsrail Hərbi Hava Qüvvələri dekabrın 28-nə keçən gecə Suriyanın Latakiyə rayonundakı dəniz ticarət limanının ərazisinə dəqiq raket zərbələri endirib. virtualaz.org xəbər verir ki, Suriya dövlət KİV-ləri raket zərbələrinin hədəfinin limandakı konteyner meydançası olduğunu bildirir. Suriya ordusu hava hücumundan müdafiə sistemlərini işə salıb, amma yayılan kadrlardan görünür ki, İsrail raketlərinə qarşı effektiv ola bilməyib. Zərbələrin Aralıq dənizi üzərindən endirildiyi bildirilir, ehtimal ki, vurulan konteynerlərdə İrandan “Hizbullah”a göndərilən silah-sursat olub. Çünki raket zərbələrindən sonra limanda bir-birinin ardınca şiddətli partlayışlar baş verib.
İsrail tərəfi ənənəvi olaraq bu zərbələri şərh etmir. Rusiya mənbələri isə zərbələrin Hmeymim aviabazasının cəmi 15 kilometrliyinə endirildiyini, bu zaman Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin radarlarının raketləri qeydə ala bilmədiyini bildirir. Məlumata görə, bu son bir neçə ayda İsrail aviasiyasının ən uğurlu hücumlarından biridir. Mənbələr limanın ərazisində azı 6 şiddətli partlayışın baş verdiyini deyirlər. Ehtimal edilir ki, İsrail ordusu daha alçaqdan uçan və manevr edən yeni tip qanadlı raketlər tətbiq edib, nəticədə Rusiya istehsalı olan hava hücumundan müdafiə kompleksləri onları “görə bilməyib”.