Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsi sədrinin müavini Aleksey Çepa general-leytenant Vladimir Alekseyevə qarşı həyata keçirilən sui-qəsd cəhdinin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını ciddi şəkildə çətinləşdirə biləcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Çepa bu barədə News.ru saytına verdiyi açıqlamada danışıb. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin bu hadisə ilə bağlı məsuliyyət daşımadıqlarını bildirməsi sülh sazişinin imzalanmasına mane olur.
“Zelenskinin bu terror aktı ilə bağlı Ukraynanın tamamilə günahsız olduğu barədə açıqlaması razılaşmanın əldə olunmasına maneə yaradır. Əgər bu hadisədə Ukrayna tərəfinin iştirakı təsdiqlənərsə, bu, Zelenskinin qanunsuz fəaliyyətindən xəbər verəcək. Bu isə Ukrayna ilə danışıqların nə qədər çətin olduğunu və Kiyevin bir çox bəyanatlarının həqiqətə uyğun olmadığını göstərir”, – deyə Çepa bildirib.
Deputat vurğulayıb ki, Rusiya sülh müqaviləsi çərçivəsində fəaliyyətini davam etdirəcək və öz mövqeyini qətiyyətlə müdafiə edəcək. O, həmçinin qeyd edib ki, ABŞ Ukrayna prezidentinə təzyiqləri artırır və Avropa İttifaqının bir sıra liderlərinin sülh prosesi ilə bağlı mövqeyində dəyişikliklər müşahidə olunur.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini, general-leytenant Vladimir Alekseyevə Moskvanın Volokolamsk şossesində yerləşən evinin yaxınlığında sui-qəsd cəhdi edilib. Hücumçu zabitə ən azı üç dəfə atəş açaraq hadisə yerindən qaçıb. Yaralı general xəstəxanaya yerləşdirilib və fevralın 7-də huşunu bərpa edib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


























