Rusiya Federasiyasında yerləşən “Şesxaris” neft terminalında yanğın baş verdiyi bildirilir. Məlumata görə, obyektə gecə saatlarında edilən hücum nəticəsində yanğın başlayıb.
Vətəninfo.az xəbər verir ki, OSINT təhlili aparan ASTRA resursunun yaydığı məlumata əsasən, Novorossiyskdə martın 2-nə keçən gecə çoxsaylı partlayış səsləri eşidilib. Yerli sakinlərin yaydığı görüntülərin təhlili nəticəsində yanğının ehtimal olunan yerinin məhz “Şesxaris” neft terminalının ərazisi olduğu qeyd edilir.
Novorossiysk şəhərinin meri Andrey Kravchenko və Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev şəhərə hücum faktını təsdiqləyiblər. Kondratyev Telegram kanalında bildirib ki, gecə boyu Rusiya hərbçiləri kütləvi pilotsuz uçuş aparatlarının hücumunu dəf ediblər. Onun sözlərinə görə, ən güclü zərbə Novorossiyskə dəyib və şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub. Bununla belə, rəsmi açıqlamada terminalda baş verən yanğınla bağlı konkret məlumat verilməyib.
ASTRA isə şahid videogörüntülərinə əsaslanaraq, yanğının “Şesxaris” ərazisində baş verdiyini iddia edir. Yerli sosial şəbəkə qruplarında da sakinlər yanğının məhz həmin terminalın yaxınlığında müşahidə olunduğunu yazırlar.
“Şesxaris” neft terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tanker gəmilərinə yüklənməsi üçün nəzərdə tutulmuş iri dəniz kompleksidir. O, Novorossiysk dəniz limanının və Rusiyanın cənub ixrac infrastrukturunun strateji obyektlərindən biri hesab olunur.
Qeyd edək ki, bu, sözügedən terminala ilk hücum deyil. 2025-ci ilin noyabrında da Novorossiysk limanına pilotsuz aparatlarla zərbə endirildiyi və nəticədə “Şesxaris” terminalında genişmiqyaslı yanğın baş verdiyi bildirilmişdi. Həmin vaxt yerli operativ qərargah neft bazasına və sahil qurğularına ziyan dəydiyini açıqlamışdı.


























