Rusiya Demarkasiya və Delimitasiya Komissiyasının nümayəndələri xüsusi hərbi təyyarə ilə İrəvana gəliblər.
Vətəninfo.az saytı xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsinin gətirdiyi nümayəndələr bu gün İrəvandakı “Erebuni” hərbi hava limanına eniblər.
“Hraparak”ın məlumatına görə, Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesinə bu həftə başlanıla bilər.
“Demarkasiya və delimitasiya komissiyasının erməni nümayəndələrinin kim olacağı hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, komissiyanın işinə Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək”,-deyə adı çəkilən nəşr yazıb.
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya şöbəsinin rəisi Qorq Altunyan jurnalistin bu məslə ilə bağlı sualına konkret cavab verməkdən yayınıb. O bildirib ki, Müdafiə Nazirliyinin funksiyalarının 90%-i məxfidir.
Qeyd edək ki, delimitasiya (latınca “delimitatio”- “qeyd”) prosesi qonşu dövlətlər arasında sərhəd xətlərinin müəyyən edilməsinin birinci mərhələsidir. Delimitasiya zamanı xəritələr üzərində topoqrafik göstəricilər – relyef, hidroqrafiya, yaşayış məntəqələri və s. dəqiq göstərilir. Bu prosesdən sonra dövlət sərhədi xətti ilə bağlı müqavilə imzalanır.
Demarkasiya (fransızca “demarcation”- “ayırma”) dövlət sərhədininin müəyyənləşdirilməsinin ikinci mərhələsidir. Demarkasiya əvvəldən hazırlanmış delimitasiya müqaviləsinə və ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhədi xəttinin yerində müəyyənləşdirilməsi və qeyd edilməsidir.