Ümid bəy özü deyir ki, “ailəmiz hər şeyə görə dövlətə borcludur”. Elə bu cümlənin içində hər şey var. Bir qədər səmimi səslənmir, həqiqətən də o sərvətin kökü o dövlət postlarından, o xalçalı yollardan keçib gəlir?

İndi Rumıniya mətbuatı bu gəncin investisiyalarından ağızdolusu danışır. “Harmony Homes”, “Harmony Gardens”…
Adlar da necə gözəldir, necə huzurvericidir. Amma o huzurun təməlində illər öncə Salyanda hansısa kəndlinin həll olunmayan dərdi, yaxud büdcədən “yayınan” hansısa qəpik-quruşun izi var?
Bu sualın cavabı hələ ki, məlum deyil.
Ümid Abuzərli Demokrat.az-a açıqlamasında bildirir ki, hər şey qanunidir. Şübhəsiz, Rumıniyada sənədlər qaydasındadır, vergilər ödənir, möhürlər vurulub. Artıq o pullar “təmizlənib”, Avropa iqtisadiyyatının qan damarlarına qarışıb. Sadəcə, insan düşünür: görəsən, Salyanın o bərbad yolları ilə Buxarestin bu lüks villaları arasında nə vaxtsa ədalət tərəzisi qurulacaq?
Yoxsa hər şey elə “ailəmiz dövlətə borcludur” səmimiyyəti ilə də bitəcək?
Məsələ hələ çox müzakirə olunacaq, amma dəqiq olan tək şey var. Salyanın keçmiş başçısı Tahir Kərimovun kölgəsi indi Rumıniyanın günəşli villalarının üstünə düşür. Və o kölgə asanlıqla çəkilənə oxşamır.


























