Partlayış nəticəsində ətrafdakı binaların pəncərələrinin şüşələri sınıb.
Rusiyanın Sankt-Peterburq şəhərində baş verən partlayış nəticəsində polkovnik rütbəli hərbçi həlak olub.
Hadisə Kolpinskoye şossesində, “Lenta” mağazasının yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, partlayıcı qurğu hərbçinin avtomobilinin altına yerləşdirilib. Partlayış zamanı polkovnikin avtomobilin sükanı arxasında olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, güclü partlayış dalğası ətrafdakı binaların pəncərələrinin şüşələrini sındırıb. Şüşə qırıntıları yolun kənarına səpələnib.
Qeyd edək ki, bu, son üç ay ərzində Sankt-Peterburqda hərbçilərin avtomobillərinin partladılması ilə bağlı ikinci hadisədir.
Belə ki, avqustun 27-də şəhərin Slavyanka yaşayış massivində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə bölməsində xidmət edən polkovnik-leytenantın avtomobili partladılmışdı. Həmin hadisə nəticəsində hərbçi hadisə yerində ölmüş, onun həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.


























