San-Fransiskodan olan yüksək vəzifəli texnologiya mütəxəssisi Maykl Herold qalmaqallı iddiaların mərkəzinə düşüb. Vətəninfo.az xəbər verir ki, San Francisco Standard qəzetinin məlumatına görə, Herold sevgilisi Emiliya London üçün Silikon Vadisindəki nüfuzlu bankirlər və yüksək vəzifəli şəxslərlə ödənişli görüşlər təşkil etməkdə ittiham edilir.
London, 26 yaşında Heroldla tanış olduğunu və münasibətlərinin sürətlə inkişaf etdiyini bildirib. Cütlük bahalı restoranlarda vaxt keçirib, özəl klublara gedib və lüks mənzillərdə yaşamışdı. Herold öz sərvətini daşınmaz əmlakdan qazandığını iddia edirdi. Lakin London onunla birlikdə yaşamağa başladıqdan qısa müddət sonra Herold çətin boşanma səbəbindən müflis olduğunu açıqlayıb.
Emiliya London bildirir ki, Herold onun üçün “şəkər tanışlığı” platformasında profil yaradıb və pul müqabilində görüşlər təşkil edib. Bu görüşlər guya 60–90 dəqiqəlik “fərdi təlim sessiyaları” kimi keçirilib. London hesab edir ki, bir il yarım ərzində təxminən 60 dəfə bankirlər, risk kapitalistləri və texnologiya şirkətlərinin rəhbərləri ilə pul müqabilində cinsi əlaqədə olub və Herold 100 min dollardan çox qazanc əldə edib.
Londonun hekayəsi açıqlanandan sonra digər qadınlar da oxşar ittihamlarla çıxış ediblər. Polis hesabatlarına görə, keçən il 10 iddiaçı təcavüz və ya narkotik istifadəsi ilə bağlı şikayət etmişdi. Həmçinin Heroldun özünü yaralı veteran kimi təqdim etdiyi, haqqı olmadığı halda medallar taxdığı iddia olunur. San-Fransisko Veteranlar İşləri üzrə keçmiş komissar Entoni Alfidi onu “Qərbin Epşteyni” adlandırıb.
Maykl Herold isə ittihamların əksəriyyətini rədd edib. O, Emiliya Londonu “patoloji yalançı” adlandıraraq, ondan aldığı vəsaitin yalnız kirayə və yaşayış xərclərinə sərf olunduğunu bildirib. Həmçinin təcavüz, narkotik istifadəsi və maliyyə fırıldaqçılığı iddialarını qəbul etməyib.
Qəzetin məlumatına görə, Herold internetdə barəsində yayılan mənfi məlumatları silmək üçün onlayn reputasiya idarəetmə şirkətinə təxminən 20 min dollar ödəyib. Hazırda məsələ ilə bağlı hüquqi araşdırmalar davam edir.


























