image-3backend

Son illər Azərbaycana dost dövlətlərin sayı artmaqdadır

image-reklam_sirab_01

Vətən Müharibəsi zamanı qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycanın bu haqq işinə siyasi və mənəvi dəstəyi hər birimizdə qürur hissi yaratdı. Əsrlər boyu Türkiyə və Azərbaycan şad günlərində də, kədərli günlərində də bir birinin yanlarında olub. Müharibə dövründə Azərbaycana dəstək olan dövlətlərlə yanaşı, əfsuslar olsun ki, bizə düşmən mövqedə duran təcavüzkar Ermənistanı dəstəkləyənlər oldu. Bir sıra İslam dövlətləri ilə yanaşı Ukrayna, İsrail və Avropanın böyük və güclü dövlətləri də Azərbaycana dəstək nümayiş etdirdilər. Bu dövlətlər arasında Avropanın ən güclü və aparıcı dövlətlərindən olan İtaliyanı xüsusi qeyd etmək lazımdır. Son illər Azərbaycana dost ölkələrin sayı artmaqdadır. Bu cənab İlham Əliyevin prezident seçildiyi ilk vaxtlardan apardığı uğurlu xarici siyasətin bəhrəsidir.

 

Oktyabrın 7 də Prezident cənab İlham Əliyev İtaliyanın “La Repubbilco” qəzetinə müsahibəsində bu gün Azərbaycan – İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğuladı. Vətən Müharibəsində İtaliya Azərbaycana siyasi dəstək verməklə yanaşı, bu gün bir çox böyük İtaliya şirkətləri işğaldan azad edilmiş şəhər və kəndlərimizin yenidənqurma və bərpa işlərinə cəlb olunublar. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı və sürətli yenidənqurma işləri aparılır. Bölgədə yol – nəqliyyat, enerji təchizatı işləri aparılır, xəstəxanaların, məktəblərin, yaşayış binalarının tikintisinə start verilib. Bir neçə gün bundan öncə Şuşa şəhərində ilk modul tipli xəstəxana istifadəyə verildi. Qeyd etmək lazımdır ki, bütün bu işlər pərakəndə şəkildə aparılmır. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş bütün şəhərlərimizin, kənd və qəsəbələrimizin baş planı hazırlanır və bütün işlər bu plana uyğun həyata keçirilir. Bu ərazilərin yenidənqurulmasına ciddi sərmayə yatırılır. Təkcə 2021 ci il üzrə sərmayənin miqdarı 1,3 milyard ABŞ dolları həcmində nəzərdə tutulub. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi yenidənqurmadan sonra buraya gələn xarici qonaqlar Azərbaycana qibtə edəcəklər.

 

Cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar, ölkə başçısının Azərbaycan iqtisadiyyatının dünya iqtisadi zonasına inteqrasiya olması ilə bağlı iqtisadi layihələri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olmuşdur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəmərinin istifadəyə verilməsi ilə artıq Azərbaycan qazı bir sıra Şərqi Avropa ölkələri ilə yanaşı, dost İtaliyaya da nəql olunur. Yaxın vaxtlarda Azərbaycan qazını alacaq Avropa dövlətlərinin sayı artacaqdır.

 

Azərbaycanın bu inkişafını, tərəqqisini, güclü bir dövlətə çevrilməsini bəzi dövlətlər həzm edə bilmirlər. Təəssüflər olsun ki, bu dövlətlər arasında bizə qonşu olan, əvvəllər Azərbaycanı özünə dost və qardaş ölkə adlandıran İran İslam Respublikası da var. Əslində İran sözdə özünü bizə dost hesab edirdi. Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı İran hər zaman Ermənistana yardım edib, bu ölkəyə nəfəs verib. İşğal zamanı ermənilər Qarabağ və ətraf rayonlarda dini abidələrimizi dağıdıb təhqir edəndə İran rəsmiləri İslam məscidlərini təhqir edənlərlə görüşüb qucaqlaşırlar.

 

Azərbaycan müharibədə qalib gəlib Zəfər qazandıqdan sonra əvvəl İrandakı mollalar, daha sonra dövlət rəsmiləri də Azərbaycana qarşı təhdidlərə başladılar. Azərbaycana qarşı əsassız və yersiz ittihamlar irəli sürməyə başladılar. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi İran 30 illik işğal dövründə bir dəfə də olsun Azərbaycanın işğalda olan rayonlarının sərhədlərində hərbi təlim aparmamışdır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib dövlət sərhədlərini bərpa etdikdən sonra İran bu ərazilərlə sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirməyə başladı. Məqsəd aydındır. Deməli, İran Ermənistanla birlikdə bu ərazilərdə qeyri qanuni biznes qurublar və Azərbaycan əleyhinə böyük planları olub.

 

Azərbaycan dövləti İranın bu hərəkətlərinə təmkinlə yanaşır və dostluq əlaqələrinin qurulmasının tərəfdarı olduğunu bildirmişdi. Yəqin İran nə vaxtsa peşman olduğunu anlayacaq və Azərbaycana qarşı etdiyi bu təxribatlardan əl çəkəcək. Əgər bu təxribatlar davam edərsə və daha da dərinləşərsə Azərbaycan dövləti də lazımi tədbirlər görəcək. Heç bir qüvvə və ya dövlət Azərbaycanla güc yolu ilə danışa bilməz. Əgər kimsə buna cürət edərsə Azərbaycan dövləti layiqli cavab verəcək.

 

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki