2021-ci ildə Qarabağ regionundan enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar 36 onlayn müraciət daxil olub.
Bu barədə Modern.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Qeyd edilib ki, Şuşa şəhərinin baş planına uyğun olaraq 9 ədəd 35 kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulub. Nəzərdə tutulan yarımstansiyaların 6-sı tikilməkdədir və 3 yarımstansiyanın tikinti quraşdırma işləri bitmək ərəfəsindədir:
“Şuşa şəhərində gələcəkdə istifadəyə veriləcək yarımstansiyalardan çıxan elektrik naqilləri yeraltı çəkiləcəkdir. İlk dəfə olaraq yarımstansiyadan abonentin sayğacına qədər və hətta sayğacda olan məlumatları belə rəqəmsal idarəetmə mərkəzi vasitəsi ilə onlayn oxunmaq və idarə etmək mümkün olacaq.
Kəlbəcər şəhərində də mütəmadi olaraq işlər davam etdirilir və əksər hərbi hissələr elektrik enerjisi ilə təmin olunmuşdur. Eyni zamanda Güləbirddən Laçın dəhlizinə qədər və həmçinin Laçın dəhlizindən keçməklə Minkənd istiqamətində 35 kV-luq yeni xətlərin çəkilişinin 70%-dən çoxu icra olunub və hazırda da işlər davam etdirilir”, – məlumatda deyilir.