ABŞ prezidenti Donald Trump Sülh Şurasının müəyyən istiqamətlər üzrə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Ağ Ev rəhbəri Floridadan Vaşinqtona uçarkən jurnalistlərə bildirib ki, dünya təşkilatı bəzi məsələlərdə Şuraya dəstək verə bilər.
“Düşünürəm ki, onlar bizə bir az kömək edə bilərlər. Dünyanın ən böyük liderləri Sülh Şurasına qoşulur və biz BMT ilə konkret məsələlər üzərində işləyəcəyik”, – deyə Tramp vurğulayıb. O, iki qurum arasında hansı istiqamətlər üzrə əməkdaşlıq planlaşdırıldığını dəqiqləşdirməyib.
Bundan əvvəl BMT Baş katibinin sözçüsü Stefan Dujarric bildirmişdi ki, dünya təşkilatının nümayəndələri fevralın 19-da Vaşinqtonda keçiriləcək Sülh Şurasının iclasına dəvət almayıblar. Onun sözlərinə görə, BMT fəaliyyətini əsasən Yaxın Şərq üzrə nümayəndəsi Ramiz Alakbarov vasitəsilə Sülh Şurası ilə əlaqələndirməyi planlaşdırır.
Xatırladaq ki, yanvarın 22-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda keçirilən toplantıda 19 ölkənin nümayəndələri Qəzza zolağında sülh yolu ilə nizamlanma məqsədilə yaradılan Sülh Şurasının nizamnaməsini imzalayıblar. Vaşinqton daha sonra digər dövlətlərin də təşkilata qoşulduğunu açıqlayıb.
Sülh Şurasının Qəzza zolağının idarə olunması ilə bağlı HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilmiş razılaşma əsasında formalaşdırıldığı bildirilir. Eyni zamanda, qurumun digər regionlardakı münaqişələrin qarşısının alınması və həlli istiqamətində də fəaliyyət göstərəcəyi ehtimal olunur.


























