Vətəninfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı açıqlama verərək bildirib ki, bu münaqişə ABŞ-ın deyil, Avropanın problemidir. DW-nin məlumatına görə, Tramp çıxışında Vaşinqtonun müharibəyə cəlb olunmasını tənqid edib.
“Bir ildir ki, Rusiya və Ukrayna arasında olan bu müharibə üzərində işləyirəm və bu müddətdə səkkiz digər münaqişənin həllinə nail olmuşam – Hindistan–Pakistan, Ermənistan–Azərbaycan və digərləri”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti bildirib ki, Vaşinqtonun bu prosesdən qazancı yoxdur:
“ABŞ bütün bunlardan nə qazanır? Ölüm, dağıntı və köməyimizi qiymətləndirməyən insanlara külli miqdarda pulun verilməsindən başqa heç nə. Mən NATO-dan danışıram, mən Avropadan danışıram. Onlar bizimlə deyil, Ukrayna ilə məşğul olmalıdırlar”.
Tramp vurğulayıb ki, ABŞ coğrafi baxımdan münaqişədən uzaqdır:
“ABŞ çox uzaqdadır. Bizi böyük, gözəl okean ayırır. Bu, bizim müharibəmiz deyil”.
O, eyni zamanda müharibənin miqyasına da toxunaraq bildirib ki, davam edəcəyi təqdirdə fəlakətli nəticələrə gətirib çıxara bilər:
“Bu müharibə ABŞ-a fayda vermir. Amma söhbət insan həyatından gedir. Bu, dəhşətli bir müharibədir. İkinci Dünya Müharibəsindən bəri ən pisidir. Əgər davam edərsə, miqyasına görə onu da keçə bilər. Qurbanların sayı heyrətamizdir. Onlar bu barədə danışmaq istəmirlər. Həm Ukrayna, həm də Rusiya çoxlu sayda insan itirib”.


























