Türkiyə Milli Müdafiə Nazirliyi İrandan atıldığı bildirilən və Türkiyə hava məkanına daxil olan ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, nazirliyin yaydığı yazılı bəyanatda qeyd olunub ki, sözügedən raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilən hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.
Açıqlamada bildirilib ki, Türkiyə ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən həyata keçirilir.
Nazirlik həmçinin qeyd edib ki, hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün müvafiq ölkə ilə müzakirələr aparılır.
“Milli təhlükəsizliyimizə üstünlük verərək, bölgədə baş verən bütün proseslər diqqətlə izlənilir və qiymətləndirilir”, – deyə bəyanatda vurğulanıb.


























