Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İrandan atılan və Türkiyə hava məkanına doğru hərəkət etdiyi aşkarlanan ballistik raketin zərərsizləşdirilməsi ilə bağlı rəsmi bəyanat yayıb.
Bildirilib ki, raket İraq və Suriya hava məkanını keçdikdən sonra Şərqi Aralıq dənizində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq məhv edilib.
Vətəninfo.az xəbər verir ki, Hatay vilayətinin Dörtyol rayonuna düşən sursatın havada təhlükəni dəf edən hava hücumundan müdafiə sisteminə aid olduğu müəyyən olunub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Nazirlik vurğulayıb ki, ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək əzmi və qabiliyyəti ən yüksək səviyyədədir. Qeyd olunub ki, Türkiyə regional sabitlik və sülhü dəstəkləsə də, təhdidin haradan gəlməsindən asılı olmayaraq, öz ərazisini və vətəndaşlarını qorumağa qadirdir.
Bəyanatda həmçinin bildirilib ki, ölkəyə qarşı hər hansı düşmən münasibətə cavab vermək hüququ saxlanılır və hava məkanının müdafiəsi üçün bütün addımlar qətiyyətlə atılacaq.
Rəsmi Ankara bütün tərəfləri bölgədə münaqişəni daha da genişləndirə biləcək addımlardan çəkinməyə çağırıb və bu kontekstdə NATO və digər müttəfiqlərlə məsləhətləşmələrin davam etdiriləcəyini qeyd edib.


























