Türkiyədə Marksist-Leninist Kommunist Partiyası (MLKP) silahlı terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatın təfərrüatları məlum olub. Vətəninfo.az xəbər verir ki, Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın açıqlamasına görə, mərkəzi İstanbul olmaqla 22 vilayətdə aparılan əməliyyatlar nəticəsində 96 şübhəli saxlanılıb.
Əməliyyatlar İstanbul Baş Prokurorluğunun koordinasiyası altında İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbə müdirliklərinin əməkdaşları tərəfindən həyata keçirilib. Təhlükəsizlik qüvvələri MLKP-nin fəaliyyətlərinin aşkar edilməsi və qarşısının alınması məqsədilə 24 fevral 2025-ci il tarixindən etibarən təşkilatın əsasən mətbuat, gənclər, qadınlar və təbliğat strukturlarını texniki və fiziki nəzarətə götürüb.
Araşdırmalar çərçivəsində MASAK hesabatları, HTS qeydləri və müsadirə edilən rəqəmsal materiallar təhlil olunub. İstintaq nəticəsində təşkilatın gənclər, qadınlar, mətbuat və təbliğat, mədəniyyət və incəsənət sahələri üzrə strukturlar vasitəsilə fəaliyyət göstərdiyi, göstərişlərin isə yüksək vəzifəli üzvlərin iştirak etdiyi onlayn görüşlərdə verildiyi müəyyən edilib.
Məlumata görə, şübhəlilərin MLKP-nin 30 illik yubiley tədbirlərində, təşkilatın təlimatlarına uyğun olaraq keçirilən sözdə anım mərasimlərində və müxtəlif tədbirlərdə iştirak etdikləri, eləcə də təşkilati təbliğat xarakterli paylaşımlar etdikləri aşkarlanıb. Bu əsaslarla İstanbul mərkəzli 22 vilayətdə eyni vaxtda əməliyyatlar keçirilib.
Əməliyyatlar zamanı 96 şübhəli saxlanılıb. Ünvanlarda aparılan axtarışlar nəticəsində 2 ədəd boş tapança, 3 ov tüfəngi, çoxsaylı təşkilati sənədlər və rəqəmsal materiallar müsadirə edilib. Saxlanılan şəxslər dindirilmək üçün polis bölmələrinə aparılıb.
İstanbul Baş Prokurorluğunun Terror Cinayətlərinin İstintaq Bürosunun açıqlamasında bildirilir ki, effektiv tövbə müddəalarından yararlanan bəzi təşkilat üzvlərinin ifadələri, eləcə də əvvəlki əməliyyatlar zamanı əldə edilən rəqəmsal sübutlar MLKP-nin Mərkəzi Komitə üzvlərinin “Google Meet” platforması üzərindən görüşlər keçirdiyini ortaya qoyub.
MASAK və HTS məlumatlarına əsasən, terror təşkilatının açıq və gizli strukturları çərçivəsində SGDF (Sosialist Gənclər Birlikləri Federasiyası), SKM (Sosialist Qadınlar Məclisi), Kaktüs Gənc Qadınlar Birliyi, KGÖ (Kommunist Gənclər Təşkilatı), KKÖ (Kommunist Qadınlar Təşkilatı), ETHA (Etkin Haber Ajansı), LÖB (Lisey Şagird Birliyi), BEKSAV (Elm, Təhsil, Estetika, Mədəniyyət və İncəsənət Fondu) və EHB (Məzlumlar üçün Hüquq Ofisi) daxil olmaqla ümumilikdə 110 şübhəlinin fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin şəxslər barəsində saxlanılma və axtarış qərarları çıxarılıb.
Daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında paylaşım edərək, MLKP silahlı terror təşkilatına qarşı aparılan əməliyyatların qətiyyətlə davam etdiriləcəyini bildirib.


























