image-reklam-veteninfo
image-1backend

Ukrayna dronları Rusiyanın Baltik dənizindəki strateji limanını vurdu: Genişmiqyaslı yanğın baş verib

image-reklam-veteninfo

Ukraynaya məxsus pilotsuz uçuş aparatları noyabrın 11-nə keçən gecə Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanına hücum edib. Zərbə nəticəsində liman ərazisində genişmiqyaslı yanğın baş verib.

Vətəninfo.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Hücum faktını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko da təsdiqləyib. Onun sözlərinə görə, gecə ərzində vilayət ərazisi üzərində ümumilikdə 42 pilotsuz uçuş aparatı vurulub.

Qubernator Telegram kanalında Ust-Luqa limanı ərazisinin dron hücumuna məruz qaldığını bildirib. Hadisə nəticəsində yanğın baş verdiyi, həmçinin limandakı transformator yarımstansiyasının fəaliyyətinin dayandırıldığı qeyd olunub.

Ukraynanın monitorinq kanallarının məlumatına görə, liman ərazisində baş verən yanğın onlarla kilometr məsafədən görünəcək qədər böyük olub. NASA-nın FIRMS peyk monitorinq sistemi də Ust-Luqa limanında və yaxınlıqdakı su hövzəsində yanğın ocaqlarını qeydə alıb.

Hücumla əlaqədar Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin eniş və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Rusiya mediasının məlumatına görə, Sankt-Peterburqa istiqamətlənən iki sərnişin təyyarəsi Helsinki hava limanına yönləndirilib.

Baltik dənizinin sahilində yerləşən Ust-Luqa Rusiyanın ən böyük dəniz limanlarından biridir. Liman vasitəsilə neft, neft məhsulları, kömür, mineral gübrələr və digər sənaye yükləri ixrac olunur.

Xüsusilə enerji daşıyıcılarının xarici bazarlara çatdırılmasında mühüm rol oynayan liman Rusiyanın xarici ticarət və logistika infrastrukturu üçün strateji əhəmiyyət daşıyır.

Neft və neft məhsullarının ixracındakı roluna görə Ust-Luqa limanı Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar kontekstində də diqqət mərkəzindədir.

Ukrayna ordusu müharibə çərçivəsində Rusiya ərazisindəki hərbi, sənaye və logistika obyektlərinə mütəmadi olaraq pilotsuz uçuş aparatları və digər vasitələrlə zərbələr endirir.

Hədəflər arasında müdafiə sənayesi müəssisələri, hava hücumundan müdafiə sistemləri, neft emalı zavodları və yanacaq anbarları yer alır.

Qeyd edək ki, noyabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Rusiyada dəyəri 70 milyon dollar olan raket və hava hücumundan müdafiə sistemləri istehsalı müəssisəsinə zərbə endirdiyini açıqlamışdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki