image-1160c0e8-6a3e-46bb-ab05-57d79a55b7ebbackend

Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu

image-reklam_sirab_01

 

Azərbaycan tarixinin müasir mərhələsi müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük və qlobal dəyişikliklər, iqtisadi və sosial sahələrdə aparılan islahatlar Azərbaycan xalqının maddi və mənəvi tərəqqisində yeni mərhələ təşkil edir. Bəllidir ki, Azərbaycanda sosial–iqtisadi, hüquqi–demokratik islahatların həyata keçirilməsində Konstitusiyanın prinsipləri və müddəaları birmənalı şəkildə əsas götürülmüşdür. Sivil dövlət quruculuğu, əslində Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması naminə yeni siyasi–iqtisadi sistemin, hüquqi–normativ bazanın formalaşdırılması istiqamətində uğurlu işlərin həyata keçirilməsi ilə bağlıdır. Qeyd etməliyik ki, 1995–ci ilin iyul ayında Milli Məclisin iclasında məhz Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan komissiya təşkil edilmişdir. 1995–ci il noyabrın 12–də Azərbaycanın Milli Konstitusiyası qüvvəyə mindikdən sonra Milli Məclis tərəfindən saysız–hesabsız qanun qəbul edilmişdir ki, bu da yeni dövlət quruculuğunda hüquqi baza yaradılmasının parlaq ifadəsidir.

Ulu öndər Heydər Əliyev Konstitusiyanın qəbul edilməsini respublikamızda dövlət quruculuğunun yeni mərhələsinin başlanması kimi dəyərləndirmişdir. O, Konstitusiyanın qəbul edilməsindən beş il sonra ölkəmizdə dövlət quruculuğu sahəsində görülən işləri ümumiləşdirərək vurğulamışdır: “1995–ci il noyabrın 12–dən, yəni müstəqil respublikamızın Konstitusiyası qəbul olunduqdan və parlament seçkiləri keçirildikdən sonra başlanan bu dövr dövlət quruculuğu baxımından, əlbəttə ki, bizim tariximizin ən məhsuldar dövrüdür”.

Avropa Şurasına üzv qəbul olunmamışdan əvvəl – 1996–cı il iyunun 28–də Avropa Şurasında xüsusi qonaq statusu aldıqdan sonra dövlətimiz Avropa İnsan Hüquqları Konvensiyasının implementasiyası istiqamətində, daha doğrusu, milli qanunvericiliyimizin konvensiyaya və ona əlavə olunmuş protokollara uyğunlaşdırılması ilə bağlı ciddi addımlar atmağa başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1996–cı il iyulun 8–də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 1998–ci il yanvarın 20–də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999–cu il mayın 14–də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” imzaladığı sərancamlar göstərilən istiqamətdə genişmiqyaslı fəaliyyət üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatlar müstəvisində xüsusi komissiya yaradılmasının da böyük əhəmiyyəti olmuşdur. Sosial–iqtisadi islahatların həyata keçirilməsinin hüquqi bazasını təşkil edən qanunlar qəbul edilmişdir. “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və s. qanunların, ailə, mülki, mülki–prosessual, cinayət, cinayət–prosessual, inzibati xətalar, cəzaların icrası, gömrük və vergi məcəllələrinin qəbul edilməsi dövlətçiliyin inkişafında, cəmiyyətimizdə hüquqi normaların bərqərar olmasında, humanitar təminatın inkişafında həlledici əhəmiyyət daşıyır.

Konstitusiyaya uyğun olaraq dövlət hakimiyyətinin qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünməsi modelinin təkmilləşdirilməsi və inkişafı Prezident tərəfindən təmin edilir. Bu baxımdan “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998–ci il tarixli fərmanının böyük əhəmiyyəti vardır. Fərmanda göstərilir ki, cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəçiliyində köklü islahatlar aparılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası müstəqil inkişaf dövrünə qədəm qoyduqdan sonra dünyəvi dəyərlərin üstünlüyünü qəbul edərək, hüquqi–demokratik dövlət quruculuğunu özünün inkişaf perspektivi kimi seçmişdir. İnsana insani münasibət faktorunu aktual zərurət kimi gündəmə gətirən Azərbaycan Respublikası 1998–ci ilədək insan hüquqları sahəsində yeni–yeni beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasına əhəmiyyətli vəzifə kimi baxmışdır. Bu baxımdan ölkəmizdə demokratiya daha da inkişaf etdirilmiş, insan hüquqlarının müdafiəsi istiqamətində geniş tədbirlər planı həyata keçirilmiş, maarifçilik işi gücləndirilmişdir.

Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılan çoxsahəli fəaliyyətin müsbət nəticəsi olaraq respublikamız 2001–ci il yanvarın 25–də Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. Əlbəttə, bu, həyata keçirilən tədbirlərin qiymətləndirilməsi kimi qəbul edilsə də, Azərbaycan dövlətinin üzərinə əlavə öhdəliklər də qoymuşdur. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi nəticəsində Milli Məclisin Avropa Şurasındakı daimi nümayəndə heyətinin başçısı cənab İlham Əliyev 2003–cü ildə Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü seçilmişdir. Cənab İlham Əliyevin belə bir nüfuzlu təşkilatda rəhbər vəzifəyə seçilməsi ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunda əldə olunmuş uğurların nəticəsidir.

Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə və respublikamızın şura qarşısında götürdüyü öhdəliklərə əsasən Milli Məclis tərəfindən bir sıra Konstitusiya qanunları qəbul edilmişdir. Onlardan biri də 2001–ci il dekabrın 28–də qəbul edilmiş “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili–Ombudsman haqqında” Konstitusiya Qanunu olmuşdur. 2002–ci il iyulun 2–də Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili seçilmişdir. Bu təsisatın yaradılması insan hüquqlarına riayət olunmasında parlament nəzarətinin təşkilini möhkəmləndirir.

Müstəqil Azərbaycan dövlətinin tərəqqisi, respublikamızda həyata keçirilən məhkəmə–hüquq islahatları məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu faktdır ki, hüquqi, iqtisadi, sosial və siyasi sahələrdə fundamental islahatların aparılması üçün respublikamızda dövlət quruculuğu prosesində ciddi addımlar atılmışdır.

Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tarixi nailiyyətimizdir. Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda insan hüquq və azadlıqlarının təminatı sahəsində çox mühüm nailiyyətlər əldə olunmuş, sivil vətəndaş cəmiyyəti formalaşmışdır. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyət proqramı da məhz ulu öndərin təməl islahatları üzərində inkişaf etməkdədir. Ölkəmiz demokratik, hüquqi cəmiyyət quruculuğu yolunda inamla addımlamaqdadır. Demokratik Azərbaycan sivil dünya dövlətləri sırasında öz layiqli yerini tutmaqdadır.

 

 

Baki Slavyan Universiteti

Nəzrin Quliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki