image-photo-2021-12-23-22-42-16backend

Ulu Öndər Heydər Əliyev məktəbinin və siyasi kursunun varisi

image-reklam_sirab_01

1969-cu ilin 14 iyul tarixi Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malikdir. Çünki ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə təqvimimizə yazılan bu gün müasir tariximizin ən şanlı və parlaq salnaməsinin əsasını qoydu. Bu tarixi dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə yazdı. Azərbaycan tarixində dönüş nöqtəsi olaraq dəyərləndirilən həmin gün xalqın xilasının birinci mərhələsi olaraq müstəsna əhəmiyyətə malikdir. Xilaskarlıq missiyası Ulu Öndərin sanki taleyinə yazılmışdı, çünki Azərbaycanda hakimiyyətinin həm birinci dönəmində, həm də müstəqillik qazandıqdan sonrakı dövrdə ölkədə yaranmış çətin durumda ümidlər yalnız dahi rəhbər Heydər Əliyevə idi.
Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, onların maddi-texniki bazasının formalaşdırılması, Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrdəki ali məktəblərə göndərilməsi kimi mühüm addımlar gələcəyin milli müstəqilliyi üçün intellektual baza rolunu oynadı. Ölkədə məktəblər, ali və orta ixtisas müəssisələri üçün yeni binalar tikildi, təhsil infrastrukturu tamamilə yeniləndi. Bu baxımdan həmin tarixi dövrün Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi səciyyələndirilməsi də təsadüfi deyildi. Ölkənin ali məktəblərində 100-dən artıq ixtisas açıldı, 6 yeni ali məktəb yaradıldı, 12 orta ixtisas məktəbi fəaliyyətə başladı. Ulu Öndər hər il azərbaycanlı gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymaqla bu məqsədini uğurla həyata keçirirdi.
Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra da ölkədəki mövcud təhsilə də öz mənfi təsirini göstərmişdi. Həmin dövrdə Ümummilli Lider bu dəfə də milli tərəqqinin yolunun təhsildən keçdiyini əsas gətirərək geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılmasını bir vəzifə olaraq qarşıya qoydu. “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 1998-ci il 30 mart tarixli Sərəncam bu sahədə mükəmməl qanunverici bazanın formalaşdırılması işinə xidmət edirdi. 1999-cu il 15 iyun tarixli Sərəncamla qüvvəyə minən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” isə milli təhsil ənənələrinə sadiq qalmaqla təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etdi.
“İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”, – deyən ümummilli lider Heydər Əliyev bu sözləri ilə ümumi orta təhsil sistemində ciddi islahatlar aparılmasının vacibliyinə diqqəti çəkmişdi. Bu islahatlar yönündə atılan ən böyük addım latın qrafikalı əlifbaya keçid oldu. Ulu Öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan əlifbasının “kiril dövrü”nü tarixə qovuşdurdu. Bu Fərman dahi rəhbərin ümumi təhsildəki ən ciddi yeniliklərindən biri idi. Ümummilli Liderin təhsilə diqqətinin daha bir nümunəsi kimi ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərə “Prezident təqaüdü”nün verilməsi ilə bağlı qərarıdır ki, bu addım gənclərin daha əzmlə çalışması, daha mükəmməl bilik və bacarıqlara yiyələnməsi üçün bir stimul oldu.
Ulu Öndərin bir-birinin ardınca imzaladığı “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın təsdiq edilməsi haqqında” tarixi sənədlər milli təhsilimizin mühüm problemlərinin həlli yolunda ciddi addım olmaqla bu sahədə əsaslı dönüş yaradılmasına imkan yaratdı.
“Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyasını bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində icra edilən dövlət proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. “Təhsil hər bir dövlətin gələcəyidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə təhsilin keyfiyyəti indi ön plana çıxır”, – deyən Prezident İlham Əliyevin təhsilə olan bu qayğı və diqqəti onu göstərir ki, ölkə rəhbəri gələcəyin daha etibarlı təminatı üçün Azərbaycan təhsilinin inkişafını dövlət siyasətinin başlıca istiqamətlərindən biri olaraq görür.
“Təhsil millətin gələcəyidir”- deyən ulu öndər Heydər Əliyevin uğurlu məktəb siyasəti hazırki təhsil siyasətində bünövrə və varislik rolunu oynamışdır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti. Fatimə Talıbzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki