Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.
Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf strategiyası öz bəhrəsini vermiş və bu strategiya nəticəsində dövlətimizin üçrəngli bayrağı bütün sahələr üzrə dünyanın ən ali beynəlxalq qurumlarında dalğalanır. Dünya miqyaslı siyasətçi Heydər Əliyevin məkəmməl dövləti fəaliyyəti və mənalı həyatı hər birimiz üçün müdriklik məbədidir.
Adıgözəlova Ayşən
1 nömrəli Bakı Tibb Kolleci