image-reklam-veteninfo
image-621c6727c5c9f621c6727c5ca01646028583621c6727c5c9c621c6727c5c9dbackend

Vaşinqtondakı Kennedi Mərkəzində Xocalı soyqırımı anılıb

image-reklam-veteninfo

Vaşinqtonun məşhur Kennedi Mərkəzinin Ədalət Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Həqiqət və Ədalət” başlıqlı anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən xəbərə görə, 150-ə yaxın qonağın qatıldığı tədbirdə Türkiyənin, Pakistanın və Qırğızıstanın ABŞ-dakı səfirləri, diplomatik korpusun nümayəndələri, ABŞ-ın beyin mərkəzlərinin əməkdaşları, ABŞ ictimaiyyətinin nümayəndələri, habelə azərbaycanlı icması iştirak ediblər.

Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqə sükutla yad edildikdən sonra, Ermənistanın təcavüzü nəticəsində ailəsi ilə bərabər Ağdamdan köçkün düşmüş əslən şuşalı olan Arzu Məmmədova Ermənistanın Azərbaycanda apardığı işğalçılıq siyasəti haqqında danışaraq, Xocalı faciəsi barəsində qonaqları məlumatlandırıb. Arzu Məmmədova, Xocalı soyqırımı nəticəsində valideynlərini itirmiş uşaqlardan aldığı müsahibələrdən təəssüratlarını bölüşüb.

Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Xocalı soyqırımının Azərbaycan tarixinin qanlı səhifələrindən biri olduğunu, tarix boyu ermənilərin həqiqəti boğmağa çalışdığı, onların ədalətə qarşı mübarizə apardığını vurğuladı. Xocalı soyqırımının yalanlarla gizlədilməyə çalışılmasına baxmayaraq, bu faciənin tarixin yaddaşına həkk olunduğunu qeyd edib. ABŞ mətbuatında və beynəlxalq hesabatlarda dərc olunmuş məqalələr və yazıların əhəmiyyəti diqqətə çatdırılaraq, bu məlumatların səfirlik tərəfindən bir nəşrdə toplanıldığı barədə məlumat verildi. Xocalı soyqırımını törədənlərin öz cəzalarını tapacaqları və ədalətin bərpa olunacağı səfir tərəfindən vurğulanıb.

Daha sonra, Türkiyənin ABŞ-dakı səfiri Murat Mərcan çıxış edərək, yüzlərlə azərbaycanlının həlak olduğu və minlərlə insanın zərər çəkdiyi Xocalı qətliamının bütün türk dünyasının faciəsi olduğunu bildirib. Səfir eyni zamanda, ölkəmizin 44 günlük müharibə zamanı qələbəsindən bəhs edərək, Xocalı qurbanlarına qarşı cinayətin unudulmamasının əhəmiyyətini, bunun xatirələrdə yaşadılmasının vacib olduğunu diqqətə çatdırıb.

Anım tədbirində, Xocalı soyqırımı zamanı Azərbaycanda olan, faciənin nəticələrinə şahidlik etmiş, amerikalı səyyah və jurnalist, “Azərbaycan Gündəliyi” kitabının müəllifi Tomas Qoltzun səfirlik tərəfindən əvvəlcədən qeydə alınmış videomüraciəti təqdim olunub. O, Xocalıda gözləri ilə şahid olduğu dəhşətləri qonaqlarla paylaşaraq, həmin tarixdə baş vermiş tarixi hadisələrə şərhlərini diqqətə çatdırıb.

O, Xocalıya ədalətin hələ də təmin olunmadığını, bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirdi. T.Qoltz “Azərbaycan Gündəliyi” kitabının davamı olaraq, yeni kitab üzərində işlədiyini və bu kitabda Azərbaycanın mədəniyyətini, ənənələrini, mətbəxini və insanların tolerantlığını tərənnüm edəcəyini qeyd edib.

Rəsmi hissədən sonra, Azərbaycan muğamının tədqiqatçısı amerikalı Cefri Verbokun, “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətinin rəhbəri, tanınmış pianoçu Nərgiz Əliyarovanın və ABŞ-da Azərbaycan musiqisini tərənnüm edən skripkaçı Azər Dəmirovun ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik qərb və Azərbaycanlı bəstəkarların əsərlərindən və muğamdan parçalar ifa olunub.

Tədbir zamanı Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin səyləri ilə dərc olunmuş “Xocalı Soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda” başlıqlı kitabça (https://washington.mfa.gov.az/files/shares/5mb.pdf) tədbir iştirakçılarına təqdim olunub. Qeyd edilən nəşrdə ABŞ-ın nüfuzlu The Washington Post, The New York Times, The Wall Street Journal, Los Angeles Times, The Boston Globe, Chicago Tribune, The Philadelphia Inquirer və s. mətbu orqanlarında nəşr olunmuş məqalələr, qərb müəlliflərinin kitablarından çıxarışlar və beynəlxalq hesabatlardan yazılar əks olunub. Müvafiq məqalələr ABŞ Konqresinin kitabxanasının arxivindən toplanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki