image-img-1461backend

Vətən müharibəsinin həkim qəhrəmanı

image-reklam_sirab_01

Həkimləri cəbhə bölgəsinə səfərbər etmək üçün təşkilat yaratmış Oqtay Mehdiyev: Müharibənin hər günü, hər anı yadımdadır…

 

ATU-nun əməkdaşı 44 günlük Vətən müharibəsində hərbçilərimizlə yanaşı, tibb işçiləri də əsl qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirdilər. Müharibə başlayan gündən sona qədər döyüş bölgəsindən çəkilməyən həkimlərimiz həm ön, həm də arxa cəbhədə cəsarət, misilsiz dəyanət və humanizm nümunələri yaratdılar. Yüzlərlə yaralı əsgərimizi həyata qaytaran həkimlər sırasında Azərbaycan Tibb Universitetinin (ATU) Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, Könüllü Həkimlər Assosiasiyasının qurucusu Oqtay Mehdiyev də var.

O.Mehdiyev müharibənin ilk günündən cəbhə bölgəsində olub. Və orada ilkin tibbi yardım üçün həkim çatışmadığını görüb. Bu səbəbdən də Könüllü Həkimlər Assosiasiyası (KHA) yaradaraq həmkarlarına çağırış edib, tibb işçilərinin cəbhəyə cəlb olunmasına yardım göstərib. Bu cəmiyyətə üzv olan həkimlər öz təşəbbüsləri ilə hətta dərman və tibbi avadanlıqlar üçün cəbhə bölgəsində 3 yerdə anbar yaradıblar.

O.Mehdiyev bildirir ki, cəmiyyətin yaradılmasının əsas məqsədi döyüş bölgələrində yaralılara dərhal tibbi xidmət göstərilməsi işini koordinasiya etmək olub:

– Hərbi əməliyyatlar çox sürətlə gedirdi. 30 ilə yaxın dövrdə işğal altında saxlanılan torpaqları belə qısa müddətdə azad etmək asan deyildi.

Həkimlər döyüş meydanında, düşmənin atəşi altında olsa belə, yaralılara yardım göstərirdilər. Bu da savaşın bir növü idi – yaralıların həyatı uğrunda aparılan mübarizə. Və bu cəbhədə də çətinliklərin olması labüd idi.

Lakin illər öncədən cəbhə bölgəsinə yaxın məsafələrdə müasir, tam şəraitli xəstəxanaların, hərbi hospitalların tikilməsi müharibə dövründə itgilərimizin az olmasına səbəb olmuşdur. Bu Prezident Ali Baş Kamandan İlham Əliyevin uzaqgörən siyasətinin daha bir göstəricisidir.

– Könüllü Həkimlər Assosiasiyasında hansı sahənin həkimləri təmsil olunurdu?

– Müharibənin ilk günündən ordaydıq. Əvvəlcə biz stomatoloqlar bu assosiasiyada birləşdik. Bilirsiniz, savaş vaxtı döyüş bölgəsində ilkin tibbi yardım üçün həkimin ixtisasının əhəmiyyəti yoxdur. Sonradan digər sahələrin həkimləri də cəmiyyətimizə üzv oldu. 44 gün ərzində bütün sahə üzrə həkimlər – travmatoloqlar, neyrotravmatoloqlar, cərrahlar, oftalmoloqlar və digər həmkarlarımız növbəlilik prinsipi ilə könüllü olaraq cəbhəyə gedirdilər. Müharibə dönəmində cəbhə boyunca hansı bölgədə həkim çatışmazlığı yaranırdısa, assosiasiya üzvlərimiz dərhal ora yollanırdılar. Yaralını qəbul etmək, ona ilkin tibbi yardım göstərib həyatına olan təhlükəni atlatdıqdan sonra daha dərin müalicə üçün xəstəxanalara göndərmək ağır bir iş idi.

Eyni zamanda, arxa cəbhədə tibbi müəssisələrdə hansısa ləvazimat çatışmazlığı yaşananda, bizim könüllü şəkildə yaratdığımız anbarlardan ora lazımi preparatlar göndərirdik. Bizim həm Bakıda, həm də cəbhə boyunca bütün bölgələrdə, hətta ön cəbhədə belə, koordinatorlarımız var idi.

– Həkimləriniz əsasən hansı istiqamətdə gedən döyüşlərdə yaralılara yardım göstərirdilər?

– Savaşın ilk dövrlərində Gəncə və Naftalanda fəaliyyət göstərdik. Sonradan bütün qüvvəmizi şiddətli döyüşlərin getdiyi cənub bölgəsinə yönəltdik. Daha sonra həkimlərimiz əsasən Fizuli Diaqnostika Mərkəzində işləyirdilər. Biz müharibənin son gününədək cəbhədə olduq. Mərkəzə gətirilən yaralıları durumunun nə dərəcədə ağır olmasına görə bölürdük. Zəruri hallarda yaralının həyatını xilas etmək üçün yerindəcə cərrahiyyə əməliyyatları icra olunurdu. Digər hallarda ilkin tibbi yardımdan sonra xəstələr Bakının və ya digər rayonların mərkəzi xəstəxanalarına göndərilirdilər.

– 44 günlük müharibənin sonunda bütün xalq olaraq qürur tarixini yaşadıq. Bəs qələbədən sonra Könüllü Həkimlər Assosiasiyası fəaliyyətini davam etdirdimi?

– Əlbəttə, müharibədən sonrakı dövrdə də işimizi saxlamadıq. İndi əsas diqqəti işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli tibbi xidmət sahəsinin qurulmasına yönəltmişik.

Könüllü Həkimlər Assosiasiyası olaraq, Hadrutda Zəngilanda, Qubadlıda və Şuşada tibb məntəqələri və xüsusilə stomatoloji xidmət məntəqələri yaratdıq. Hospitallarda yaradılan kabinələrdə pulpit və digər diş xəstəliklərinin müalicəsi, xəstə dişlərin çəkilməsi üçün şərait təmin olundu.

Bu yaxınlarda Cəbrayılda yerləşən hərbi hissənin nəzdində stomatoloji kabinet yaratmışıq. Şuşada isə yalnız stomatoloqlar deyil, digər sahə həkimlərinin də növbəli olaraq bir həftəlik işləməsinə şərait yaratmışıq. Bilirsiniz ki, müharibədən sonra hərbçilərdə bir çox dəri xəstəlikləri ortaya çıxır. Müharibə şəraitində bu, adi haldır. Ona görə də biz bu bölgələrə dermoto-veneroloqları könüllü olaraq dəvət etmişik.

İşğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərən hərbi həkimlərə həm də ATU əməkdaşları olaraq müxtəlif mövzularda təlimlər keçirik. Bu da praktiki baxımdan çox faydalıdır.

– Vətən müharibəsi dövründə ən yadda qalan hadisə kimi nəyi xatırlayırsınız?

– Əslində, müharibənin hər günü, hər anı yadımdadır… Hər birimiz bilirik ki, torpaqları qansız, itkisiz geri almaq mümkün deyildi. Amma bu müharibədə düşmənimizin xainliyi heyrət doğururdu. Gəncə və Bərdəyə – döyüş bölgəsindən uzaq ərazilərə raket atılması, dinc əhalinin qətlə yetirilməsi, körpə balaların cəsədlərini görmək bizə daha pis təsir etdi. Bizimlə yanaşı, bütün dünya erməni vəhşiliyini bir daha seyr etmiş oldu.

– Müharibə dövründə və sonrakı müddətdə hərbçilərimizin arasında olan həkim kimi ordumuzdakı vətənpərvərlik ruhunu necə qiymətləndirirsiniz?

– Bu dövrdə həm ön cəbhədə, həm də arxa cəbhədə həmrəylik yüksək səviyyədə idi. Ən qürur duyduğumuz hallardan biri  – özləri ağır yaralı olduqları halda, hərbçi yoldaşlarından nigaran qalan, döyüşə qayıtmaq üçün tez sağalmaq arzusunda olan əsgərlərimizi seyr etmək di. Bu mərd oğullarımız bizim onlara təsəlli verməyimizi istəmirdilər, başlarına nə gəlsə də, “Vətən sağ olsun” deyirdilər…

Onu da deyim ki, özümü xatırladığım gündən müharibənin olacağını gözləmişəm. Necə ola bilərdi ki, səfərbərlik elan olunsun, biz isə getməyək? Sentyabrın 27-si müharibə başladı, mən artıq 28-də cəbhədə idim.

ATU-da dərs dediyim müddətdə həmişə məşğələlərimin sonuncu 5 dəqiqəsini mütləq tələbələrə vətənpərvərlikdən danışmışam. Bu, hər birimiz üçün bir ləyaqət məsələsi idi. Və Ali Baş Komandanın başçılığı ilə müzəffər Ordumuz şərəfimizi qorudu.

image-img-1461 image-img-1455 image-img-1460 image-img-1459


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki