Bakı Dünya Məktəbində Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun xatirəsinə həsr olunan “Sərhəd Fədaisi – Mustafa Nəsirovun həyat və qəhrəmanlıq yolu” adlı ingilis dilində inşa müsabiqəsinin mükafatlandırılma mərasimi baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca generalın həyat və fəaliyyətinə həsr olunan “Sərhəd Fədaisi” sənədli filmi nümayiş olunub.
Qeyd edilib ki, belə tədbirlər şagirdlərin bilik və dünyagörüşünün zənginləşməsi ilə yanaşı, milli kimlik və vətən sevgisinin formalaşmasına mühüm töhfə verir. Əsas məqsəd qəhrəmanlarımızın həyat yolunu, onların göstərdiyi şücaəti tanıtmaqdır.
Şəhid ailələrinin, Vətən müharibəsi qəhrəmanlarının və ehtiyatda olan zabitlərin iştirakı mərasimə xüsusi mənəvi dəyər qatıb.
44 günlük Vətən Müharibəsində canlarını fəda etmiş şəhid Leytenant Əliyev İmran Əli oğlunun övladı Dəniz Əliyeva, Şəhid Kapitan Yolçuzadə Nizami Vahid oğlunun övladı Vahid Yolçuzadə, Şəhid Kapitan Musibov Veysəl Yadulla oğlunun övladı Yadulla Musibov, Şəhid Mayor Bayramov Elbrus Eyvaz oğlunun övladı Xəyyam Bayramzadə, Şəhid Kapitan Pənahov Əkbər Bəylər oğlunun övladı Rəsul Pənahlı, Kəşfiyyat rəisi Şəhid Mayor Əsgərov Novruz Ələddin oğlunun övladları Raul Əsgərli və Toğrul Əsgərli səhnəyə dəvət olunublar və Vətən müharibəsi iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Daha sonra inşa müsabiqəsinin qalibləri elan olunub. 1-ci yerə Həsənli Nuray Zaman qızı, 2-ci yerə Əhmədli Nərmin İlkin qızı, 3-cü yerə Cəfərli Sevda Azər qızı layiq görülüb. Qaliblərə diplom və mükafatlar təqdim olunub, iştirakçı şagirdlərə və qiymətləndirmədə əməyi olan müəllimlərə təşəkkürnamələr verilib.
Qeyd edək ki, inşa müsabiqəsində 40-a yaxın şagird iştirak edib. Qalib inşalar general Mustafa Nəsirovun Dərbənd şəhərində yerləşən ev muzeyinə təqdim olunacaq. Tədbirdə Bakı Dünya Məktəbinin şagirdləri xüsusi nömrələrlə çıxış ediblər.



























