image-reklam-veteninfo
image-1backend

Repetitorluq erası bitir?

image-reklam-veteninfo

“Qəbul sistemində nəzərdə tutulan dəyişikliklər məktəbin nüfuzunu bərpa edə və repetitor asılılığını azalda bilər. Amma bunun üçün bir vacib məqamı nəzərə almalıyıq ki, qəbul imtahanının formatını dəyişmək hələ təhsilin keyfiyyətini dəyişmək demək deyil. Əgər şagird məktəbdə aldığı təhsillə ali məktəbə qəbul olunmaq üçün tələb edilən bilik və bacarıqları əldə edə bilmirsə, problem təkcə imtahan modelində deyil, bütövlükdə tədris prosesindədir”.

Bu fikirləri  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova deyib.

Onun fikrincə, bu gün valideynlərin repetitora müraciət etməsinin əsas səbəbi heç də həmişə məktəbdə müəllimin zəif olması deyil:

“Burada proqramla imtahanın tələbləri, məktəbdə öyrədilən biliklə qəbul zamanı yoxlanılan bacarıqlar arasında uyğunsuzluq, yüksək rəqabət və valideynlərin övladının gələcəyi ilə bağlı narahatlığı da rol oynayır. Yəni repetitorluq artıq bir çox ailələr üçün seçimdən daha çox, zəruri hesab edilən əlavə hazırlıq vasitəsinə çevrilib. Bu isə sosial bərabərlik baxımından ciddi problemdir. Çünki maddi imkanı olan ailənin övladı əlavə hazırlıqla üstünlük qazana bilir, belə imkanı olmayan istedadlı şagird isə potensialını tam nümayiş etdirməkdə çətinlik çəkir. Fikrimcə, ilk növbədə məktəblə qəbul imtahanı arasında məntiqi əlaqə qurulmalıdır. Şagird məktəbdə nə öyrənirsə, imtahanda da həmin bilikləri tətbiq etmək bacarığı yoxlanılmalıdır. İmtahan məktəbdə keçilməyən mövzuların, yaxud xüsusi test texnikalarının nə dərəcədə mənimsənildiyini ölçən vasitəyə çevrilməməlidir. Əks halda, biz şagirdi öyrənməyə deyil, imtahan texnikasına uyğunlaşmağa məcbur edirik. Dünya təcrübəsi də göstərir ki, müasir qiymətləndirmə artıq yalnız düzgün cavabı tapmaq üzərində qurulmur. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının PISA 2022 tədqiqatında ilk dəfə yaradıcı düşünmə ayrıca qiymətləndirilib. 64 ölkə və iqtisadiyyatdan olan şagirdlərdən yazılı və vizual ifadə, eləcə də sosial və elmi problemlərin həlli ilə bağlı açıq tipli tapşırıqlar yerinə yetirmək tələb olunub. Bu, çox mühüm mesajdır. Müasir təhsil sistemi şagirdin nə qədər məlumat yadda saxladığı ilə yanaşı, həmin məlumatdan necə istifadə etdiyinə də qiymət verməlidir”.

Deputat qəbul sistemində alternativ qiymətləndirmə mexanizmlərinin tətbiqinə də ehtiyatla yanaşmağın tərəfdarıdır:

“Məsələn, müsahibə, esse, portfolio və yaradıcı tapşırıqlar müəyyən ixtisaslar üzrə faydalı ola bilər. Ancaq onların qiymətləndirilməsi üçün aydın meyarlar, vahid standartlar və müstəqil nəzarət mexanizmi olmalıdır. Əks halda, obyektivliyi qorumaq istəyərkən subyektivliyə yol aça bilərik. Azərbaycanın qəbul sisteminin ən böyük üstünlüklərindən biri məhz şəffaf və müqayisə edilə bilən nəticələr təqdim etməsidir. Bu üstünlük mütləq qorunmalıdır. Digər tərəfdən, SAT, IELTS və TOEFL kimi beynəlxalq imtahanların tanınması məsələsinə də funksional yanaşmaq lazımdır. Bu imtahanlar müəyyən akademik və dil bacarıqlarını ölçür, lakin onların hər biri Azərbaycan məktəb proqramı üzrə bütün bilikləri əvəz edə bilməz. Ona görə də məqsəd bu nəticələri avtomatik olaraq bütün qəbul prosesinin alternativinə çevirmək deyil, uyğun ixtisas və proqramlar üzrə təkrar qiymətləndirməni azaltmaq, beynəlxalq nəticələrin tanınması üçün şəffaf meyarlar müəyyənləşdirmək olmalıdır. Repetitorluq məsələsinə gəlincə, UNESCO-nun 2025-ci ildə yayımladığı araşdırmada özəl əlavə təhsilin dünya üzrə sürətlə genişləndiyi, ailələrin maddi imkanlarından asılı olaraq şagirdlər arasında təhsil fərqlərinin dərinləşə bildiyi qeyd olunur. Deməli, bu, yalnız Azərbaycanın problemi deyil, qlobal təhsil siyasətinin də qarşısında duran çağırışdır”.

Komitə üzvü bir həqiqəti də qəbul etməyi vacib bilir:

“Repetitorluğa inzibati məhdudiyyət qoymaqla ona tələbatı aradan qaldırmaq mümkün deyil. Əgər məktəb şagirdin bilik ehtiyacını tam ödəmirsə, valideyn yenə də əlavə hazırlığa üz tutacaq. Buna görə də məktəbdə fərdi öyrənmə imkanları, əlavə məşğələlər, zəif mənimsənilən fənlər üzrə dəstək sistemi gücləndirilməli, müəllimin dərsdəki fəaliyyəti real təlim nəticələri ilə qiymətləndirilməlidir. Məncə, əsas hədəf elə bir sistem qurmaqdır ki, repetitor yanına getmək uğurun şərti deyil, yalnız fərdi ehtiyacdan irəli gələn seçim olsun. Valideyn övladının keyfiyyətli təhsil alması üçün mütləq əlavə vəsait xərcləməli olduğunu düşünməsin. Məktəb şagirdə yalnız dərslikdəki məlumatları öyrədən deyil, onu müstəqil həyata, ali təhsilə və gələcək peşəsinə hazırlayan əsas institut kimi çıxış etsin. Sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm. Unutmayaq ki, universitetə qəbul sistemi yalnız ali məktəblərə tələbə seçən mexanizm deyil, eyni zamanda məktəblərin hansı istiqamətdə işlədiyini müəyyənləşdirən ciddi təsir vasitəsidir. Biz imtahanda nəyi ölçürüksə, məktəb də zamanla ona uyğun tədris qurur. Ona görə də qəbul sistemində aparılan islahatlar məktəbin missiyasını daraltmamalı, əksinə, genişləndirməlidir. Bizə yüksək bal toplayan abituriyentlə yanaşı, yüksək düşünmə qabiliyyətinə, araşdırma bacarığına, təşəbbüskarlığa və real biliklərə malik gələcək mütəxəssis lazımdır. İslahatın uğurunu da məhz bu nəticə ilə ölçməliyik”.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki