image-photo-2021-12-25-09-50-31-1backend

Xalqın sevgisini qazanmış lider

image-reklam_sirab_01

Vətənini canından artıq sevən Ulu Öndər 2003-cü il prezident seçkilərindən əvvəl xalqa müraciətində bildirmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Həqiqətən də cənab İlham Əliyev Ulu Öndərin və xalqın ona bəslədiyi inam və ümidləri doğrultdu.
Prezident İlham Əliyev elmə, təhsilə, mədəniyyətə hər zaman böyük qayğı ilə yanaşır. Ölkədə onlarla yeni məktəblər tikilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. Eyni zamanda distant təhsil sisteminin geniş vüsət alması ilə əlaqədar məktəblər beynəlxalq standartlara müvafiq informasiya kommunikasiya texnologiyaları ilə təmin edilmişdir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. İlham Əliyev nitqlərinin birində qeyd etmişdir: “Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. 2017-ci il 15 sentyabr tarixli sərəncamla Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə “ Dövlət Proqramının qəbul edilməsi gənclər üçün yeni perspektivlərin reallaşmasına təkan verdi. Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır. Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. İlham Əliyev Azərbaycan gəncinə olan inamını belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Eyni zamanda qeyd etmək lazımdır ki, İlham Əliyev Azərbaycan Respublikası Milli Olimpiada Komitəsinin prezidentidir. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının qələbəsidir. Ölkəmizin ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Qran-Prilərin, Avropa Yay Gənclər Olimpiada Festivalının ünvanı olması əlamətdar hadisələrdir. Hazırda Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyası siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Azərbaycan dünyanın bir çox enerji şirkətləri ilə əməkdaşlıq edir. Bu gün Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR dünyanın aparıcı şirkətləri arasındadır. Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar.
Bu gün İlham Əliyev yüksək vətənpərlik və döyüş ruhuna malik ordu yaratmışdır. Hazırda Azərbaycan müasir, modern və güclü orduya sahibdir. Ordumuz ən yeni texnologiyalarla silahlandırılmışdır. Bütün bunlar Cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatların nəticəsidir.
Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin daha bir müqəddəs vəsiyyəti yerinə yetirmiş, xalqın 30 illik həsrətinə son qoymuşdur. İlham Əliyev siyasi, hərbi lider olaraq 44 gün ərzində durmadan, dincəlmədən sözün əsl mənasında vuruşmuşdur. Prezidentimiz diplomatiya və beynəlxalq KİV-də təkbaşına mübarizə aparmışdır. İlham Əliyevin müsahibələrdə səsləndirdiyi fikirlər, müdrik cavabları bir daha onun yüksək intellektə, iti zəkaya sahib olduğu təsdiq etdi. Cənab İlham Əliyevin müharibə dövründə xalqa çıxışları da dillər əzbəri olmuşdur. Bu çıxışlardan birini xüsusilə qeyd etmək olar:
“Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla! Rəqs edirdin, nə oldu bəs status, cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status. Yoxdur status və olmayacaq!”
Uğurlu dövlət quruculuğu siyasəti ilə İlham Əliyev Azərbaycan xalqının inamını və sevgisini qazanmışdır. Bu gün müstəqil Azərbaycan Respublikası gənc və dinamik lideri cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi, mədəni-mənəvi, siyasi-ideoloji və elmi müstəvidə özünün tərəqqi dövrünü yaşayır.
Nəzrin Məmmədova (Bakı Dövlət Universiteti)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki