image-abas-abbaszade-azerbaycan-kooperasiya-universitetinin-telebesi-rayonun-feal-gencibackend

Yeni ilin ilk intervyusu

image-reklam_sirab_01

Yeni ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə vermişdir. Ali Baş Komandanın toxunduğu məsələlərdən birincisi ikinci qarabağ müharibəsinin siyasi nəticələri və bölgədə formalaşan yeni reallıqlarla ilə əlaqədar olmuşdur. Bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan apardığına görə, erməni tərəfindən dinc əhali arasında itki az olmuşdur.

Müharibənin gedişi zamanı əldə etdiyimiz məlumata əsasən müəyyən olundu ki, erməni tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin və Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edilmişdi. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Ermənistanın rəhbərliyi istəyirdi ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsinlər, lakin onların təxribatı alınmadı.

Müharibədən sonra bütün düya gördü ki, ermənilər öz xislətlərinə uyğun olaraq Qarabağda əsl vandalizm törətməklə məşğul olmuşlar. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır.

Baxmayaraq ki, Laçın dəhlizinə Rusiya sülhmıəramlıları nəzarət edir, bu gün də erməni təxribatlı davam edir. Belə ki, Fransada Prezidentliyə namizəd olan xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Səfər zamanı verilən təxribat xarakterli bəyanatların əsas səbəbi Fransada keçiriləcək növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır. Məlumdur ki, müharibə dövründə Fransa Prezidenti Makron birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Buna baxmayaraq, sonda Fransa da müharibənin nəticələrini qəbul etdi və Onun təşəbbüsü ilə Brüsseldə üçtərəfli görüş keçirildi. İkinci Qarabağ Müharibəsi zamanı Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. Amerikadakı Tramp administrasiyası isə heç bir münasibət bildirmədi.

Sülhməramlıların Qarabağdakı fəaliyyəti bizi qane etməsə də, müsbət tərəfləri vardır. Onlar Kəlbəcər, Laçın rayonlarına həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər. Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Bu əraziyə girən maşınların 91 faizi yoxlanılmır. Oradan çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır.

Ölkəmiz MDB məkanında vaksinasiyaya birinci başladı. Türkiyə vasitəsilə “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki doza ilə vaksinasiya olunub. Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb. Azərbaycanda 46 xəstəxana COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Azərbaycan xəstəxanalarında COVİD xəstələrini qəbul etmək üçün 10 min çarpayı bazası mövcuddur ki, onlardan cəmi 10 faizi doludur. Ölkəmizdə 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur. Buna görə demək olar ki, bütün məhdudiyyətlər artıq aradan qaldırılmışdır.

Dünya aviasiya sistemində olan qaydalara görə mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətləri və ola bilsin ki, qaz xətləri də çəkilsin. Aparılan uğurlu siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini artıq beynəlxalq leksikona da daxil edilmişdir.

Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə – bütün bunlar Hərəkatın nüfuzunu artırır. Azərbaycanın çoxlu humanitar proqramları var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilmiş və bu proses gələcəkdə də davam edəcəkdir.

Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir.  Müştərək yanaşma imkan verəcək ki, tezliklə ölkəmizin Avropa İttifaqı ilə yeni sazişin mətni tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılmışdır. Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq aparılır. Lakin Aİ yenə də ikili standart siyasəti həyata keçirir. Belə ki, Avropa ittifaqı böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə yardımı nəzərdə tutur. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı mesbət rol oynaya bilər.

Cənub Qaz Dəhlizinin reallaşması çətin geosiyasi vəziyyətdə böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni səfərbər edib. Gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək. Orada bütün aparıcı banklar iştirak edəcəkdir. Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Eyni zamanda, daxili tələbat da artır və artacaq. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir.

Dünyada pandemiyanın olduğu bir vaxtda Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdir.  İqtisadi artım 5 faizdən çoxdur. Bu, müharibədən yenicə çıxmış ölkə üçün çox gözəl göstəricidir. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb.

Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlar həyatda öz əksini tapır. Ümumi sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Ötən illə müqayisədə ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Qeyri-neft ixracımız 40 faizdən çox artıb.  Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İlin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. Uzun illər ərzində manat sabitdir.

Azərbaycanda xarici investorların maliyyə vəsaiti hesabına 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulub. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Cari ilin büdcəsi tariximizdə ən böyük büdcə olacaq və büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa bilmişlər. Proqnozdan əlavə yığılmış 1,4 milyard manat hesabına dərhal 1,5 milyard manatlıq sosial paket təmin edildi.

Dünyada taxılın, buğdanın qiyməti kəskin artdığına görə, çörəyin qiymətinin artması qaçılmaz idi. Eyni zamnda, Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Buna baxmayaraq ölkəmizi əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atılıb. Bu gün Azərbaycan mal əti ilə özünü təqribən 90 faiz səviyyəsində təmin edir, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə cins mal-qaranın alınmasına böyük vəsait xərclənib. Bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Görülən tədbirlər sayəsində süd və süd məhsullarının istehsalı 80 faizə çatıb. Həmçinin toyuq əti istehsalı da 80 faizə çatıb. Heç vaxt tarixdə – sovet dövründə və müstəqillik dövründə ölkəmiz bu rəqəmlərə çıxmayıb. Təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edilir. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Taxılçılıqda məhsuldarlıq 32 sentnerdir.

Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə buna rast gəlmək mümkün deyil. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. 7400 minik avtomobili verilib. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu proses davam etdirilir.

Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı – mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi, həm də Fövqəladə Hallar nazirliyi fəal işləyirlər.

İşğaldan azad olunmuş ərazilərdə hərbi xidmət aparmaq üçün lazımi şərait yaradılır. Həmin ərazilərdə xidmət aparmaq üçün müasir infrastruktur qurulur. Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada normal xidmət aparmaq üçün lazımi şərait artıq mövcuddur.

Azad olunmuş ərazilərə yolları çəkilməsi prosesi uğurla həyata keçirilir. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yollar da çəkilir. Xüsusilə dəmir yolları qeyd olunmalıdır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilmişdir.

Tarixi abidələrin bərpasına start verilmişdir. Şuşa şəhərində mövcud istiqamətdə böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə başlanılıb. Ağdam və Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Məktəblərin, xəstəxanaların təməli qoyulub.

İnfrastruktur layihələri ilə bərabər, Şuşada yaşayış kompleksinin inşasına start verilib. Zəngilanda Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Ölkədə baçqa sahədə də işlər həyata keçirilir. Bəzi məmurlar işlərinə visdanla yanaşmır və rüşvətxorluqla məşğul olmağa başlayır. Amma həbs olunanlar da kifəyət qədərdir. Gərək digər məmurlar bundan özləri üçün lazımi nəticəni çıxarmalıdırlar. Hakimiyyətin bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaqdır.

Güclü ictimai nəzarətin olması bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcəkdir. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Media nümayəndələrinin bu sahədə çox böyük rolu var. Vacib amillərdən biri korrupsiya üçün meydanı daraltmaqdır. Burada institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir.

Müharibə dövründə çoxlu sayda döyüş sursatından istifadə olunub, indi onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir. Komando qüvvələrinin yaradılması böyük hadisədir və hərbi qüdrətimizin təzahürüdür.

Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən deyil, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verir. Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Unutmamalıyıq ki, Ermənistanın indiki hakimiyyəti əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə Azərbaycanı hədələyən, Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçiləridir. Biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq.

Əgər Sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəsı olmalıdır. Rəsmi İrəvan buna hazır olmalıdır. Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz dəfə daha çox əsasımız var. Çünki artıq dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur və Göyçə qanunsuz olaraq Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. İrəvan şəhəri isə 29 may 1918-ci ildə Ermənistana verilmişdir.

Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu çəkiləcəkdir. Yolun çəkilişinə rəsmi İrəvan artıq öz razılığını verib. Azərbaycan Ermənistanı bu razılığa heç bir zor tətbiq etmədən məcbur etdi. Odur ki, istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına rəsmi İrəvan nə vaxtsa hazır olacaqdır.

Müharibə qurtarandan dərhal sonra müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür. Bircə gün də həm ərazilərin bərpası baxımından, həm də yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Azərbaycan öz konstitusion hüquqları çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. Artıq dünya ölkələri Azərbaycanın Cənubi Qafqaza gətirdiyi reallıqları qəbul etməyə başlamışdır.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki