Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur.
Hər bir xalqın istiqlalı onun milli oyanış tarixinin zirvəsi sayılır. Şükürlər olsun ki, Azərbaycan xalqı üçün milli oyanış tarixini canı və qanı bahasına yazan və yaradan şəxsiyyətlər XX əsrin əvvəllərində də var olmuşdur. Və onların kəskin səyi nəticəsində 1918-ci il 28 may tarixi ilə İstiqlalımızın özülü qoyuldu. Bu elə bir özül oldu ki, bundan sonra da illər boyunca dövlətçilik ənənələrimiz, siyasi millətçilik prinsiplərimiz ona borclu qalacaqdır.
1828-ci il çarizmin işğalından sonra itirilən milli dövlətçilik Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yenidən bərpa edildi. Bununla Azərbaycan tarixinin şərəfli və bir o qədər də keçməkeşli dövrü başlayır. Yaranan Azərbaycan dövlətçiliyi daim adları qeyd edilən bir neçə şəxsin deyil, o dövrün yetirdiyi dövlətçilərin və siyasi xadimlərin ideyalarının praktik təcəssümü idi. Və özül olaraq onların dövlətçilik dünyagörüşünün əsasında siyasi millətçilik dururdu. Bu məqam isə bizlərə siyasətlə millətçiliyin birarada necə yürüdülməsi gərəkdiyini, milli ənənələri məhv etmədən yeniliyə doğru irəliləməyin prinsiplərini araşdırmaq üçün önəmli qaynaq rolunu oynayır.
Azərbaycan Xalq Cümhuriyyəti ilk növbədə dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığını bəyan etdi. Və bu yolla Azərbaycan xalqının öz müqəddəratını özünün təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Bu İstiqlalın banisi olan dahilər öz millətinin imzasını dünya xalqlarının imzası içində axtarırdı, bu isə həmin axtarışın məntiqi yekununa çevrildi..
Mövcud olduğu qısa müddət ərzinə baxmayaraq AXC bir çox sahələrdə mühüm işlər gördü. Onlardan heç şübhəsiz ki, ən önəmlisi qəbul edilən İstiqlal Bəyannaməsi idi, bu Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı olmuşdur. Bununla çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənələlərimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi. Britaniyanın bölgəyə təyin edilmiş ali komissarı Bakıya gəlib Azərbaycanda dövlət quruluşu və idarəçiliyi ilə tanış olandan sonra Londona göndərdiyi şifrəli teleqramında yazırdı ki, burada elə bir cümhuriyyət qurulub ki, çox məsələlərə görə Avropa dövlətlərinə nümunə ola bilər. Doğrudan da Azərbaycan siyasi xadimləri, aydınları tarixə elə bir nümunə verdilər ki, bu hər birimiz üçün fəxrdir.
Təkcə dövlət quruluşu və idarəçiliyi ilə deyil, hərb tariximizdə önəmli yer tutan qərarların qəbulu da məhz AXC dövrünə aiddir. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan hökumət 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordusunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. AXC-nin Hərbi Nazirliyi təsis edildi. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bununla yanaşı Azərbaycan parlamentinin 1919-cu il avqustunda 8 maddədən ibarət qəbul edilən qanunu ilə qeyri-leqal ticarətdən qorunmaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu sayı doxsan doqquza (99) çatan, doqquz yüz doxsan iki (992) mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilməsinə qərar verildi.
AXC Azərbaycan türklərinin nəinki keçmişini, eyni zamanda gələcək hədəflərini özündə əks etdirən üç rəngli bir bayraq ucaltdı ki, bu gün də o bayraq bizim başımızın üstündə dalğalanır. Himnimiz və gerbimizin təyin olunması üçün müsabiqələr elan edilmişdi. Lakin rus işğalı onların nəticələrin həyata keçirilməsinə mane oldu. Müstəqillik qazandıqdan sonra hər iki dövlət atributumuz AXC dövründəki təsvirlərlə yenidən həyat qazandı.
Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qanunun qəbulu, Bakı Dövlət Universitetinin əsasının qoyulması və fəaliyyəti, Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması, məktəblərin milliləşdirilməsi, dövlət möhür və ordenlərinin hazırlanması və s. kimi qərarlar AXC dövrünün önəmini bir daha ortaya qoyan faktlardan sadəcə bəziləridir. Dövlətin idarəsi sahəsində də mühüm addımlar atan AXC 20-yə qədər dövlətin səfirlik və konsulluqlarının açılmasını təmin etmiş və ölkənin Avropa dövlətləri tərəfindən de-fakto tanınmasına nail olmuşdur.
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb şəraitdə yaranmışdı. Bolşevik Rusiyası Azərbaycanı heç vəchlə əldən buraxmaq niyyətində deyildi. Bununla bərabər daxildəki bir sıra qüvvələr və xarici təzyiqlər də bir tərəfdən höküməti sıxışdırmağa davam edirdi. Və beləcə Azərbaycanın müstəqilliyini elan edən, demokratik əsaslı milli dövlətçiliyinin təməlini qoyan babalarımız bu dövləti o dövrün bəlli geosiyasi şərtləri daxilində yalnız 23 ay yaşada bildilər.
23 ay ömr sürməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrü milli özünüdərk, müstəqillik amalı üzərində köklənən tariximizin şanlı səhifədir. Və bu səhifəyə yazılan əlamətdar hadisələrdən biri də o idi ki, artıq Azərbaycan türkləri ümmətçilikdən türk millətçiliyinə keçid dövrünə qədəm qoydu. Bu isə milli oyanışımızın ən önəmli məqamlarından birinə çevrildi.
İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq hər bir Azərbaycanlının təməl vəzifələri sırasında yer almalıdır.
Abdullayeva Aytən YAP Üzvü