image-zakirbackend

Zakir Həsənov müsahibəsində sələfi Səfər Əbiyevin bostanına niyə daş atdı-SƏXAVƏT MƏMMƏD YAZIR

image-reklam_sirab_01

Düşünürəm ki, hər bir ölkənin müdafiə nazirinin verdiyi geniş müsahibə müzakirə mövzusuna çevrilir və çevrilməlidir. Azərbaycanda, nədənsə, belə müzakirələr açılan kimi dərhal biriləri ortaya çıxır, tənqid edənləri topa tutur. Müxtəlif arqumentləri də var. Misal üçün, müdafiə nazirini tənqid etmək üçün, gərək, mütləq general, ya da hərb elmi üzrə akademik olasan. Bu tip adamların düşüncəsinə görə, Lenini tənqid etmək üçün SSRİ qurmalıyıq…
Zakir Həsənov müsahibəsinin girişində ordudakı islahatlardan danışarkən sələfi general-polkovnik Səfər Əbiyevin bostanına daş atır. Zakir Həsənov bildirir ki, son altı ildə orduda keçirilən islahatlar, yəni ordunun peşəkar istiqamətdə formalaşması həyata keçirildi və ordu öz qarşısında duran vəzifəni yerinə yetirdi. Zakir Həsənov ordu sıralarından bu posta gətirilmiş olsaydı, düşünmək olardı ki, Səfər Əbiyevlə aralarında hansısa xüsusi bir konflikt olub. Ona görə də fürsətdən istifadə edib keçmişdə onu “sıxmış” birindən bu yolla qisas alır. Hətta Səfər Əbiyevlə aralarında bir konflikt olmuş olsa belə, bayram günü belə bir daş yersiz idi.
Zakir Həsənov eyni cümlənin içərisində belə bir ifadə səsləndirir: “…Ordunun peşəkar ordu istiqamətində formalaşması həyata keçirildi”. Azərbaycanda ordu çağırış əsasında formalaşır. Bir qayda olaraq peşəkar ordu müharibə təhlükəsi olmayan ölkələrdə formalaşır.
Zakir Həsənov müsahibə zamanı Türkiyə ordu modelinə keçidlə bağlı xeyli danışdı. Böyük işlərin görüldüyünü deyən nazir yalnız üç sahədə işlərin tamamlandığını bildirir: Təşkilati ştat strukturu təşkil olunub, İdarəetmə məntəqələrində böyük dəyişiklik olub və komando briqadaları yaradılıb. Türkiyə modeli təkcə bunlardı? Nazir daha sonra bildirir ki, komando briqadaları həmlə taborlarının əsasında formalaşıb. Bu, əslində, doğru yanaşmadır. Müharibə zamanı göründü ki, motoatıcı hərbi hissələr effekt vermir, ona görə də komando briqadalarına ehtiyac var. Düşünürəm ki, bunun üçün müharibəyə ehtiyac yox idi. Müharibə başlamazdan illər öncə hərb sahəsindən yazan jurnalistlər, hərbi ekspertlər bildirirdi ki, motoatıcı bölmələr müharibədə effektli olmayacaq. Əgər Müdafiə Nazirliyi özlərinə yönəlmiş tənqidləri “görmək” üçün yox, onlardan faydalanmaq üçün mətbuatı və sosial şəbəkələri izləmiş olsaydı, indi həyata keçirilənləri illər öncədən etmiş olardı.
Nazirin müsahibəsində özünün demədiyi Türkiyə ordu modelinə keçidin digər tərəflərini də aşkarlamış olduq. Məsələn, Hərbi Hava Qüvvələri mənsubları “havaçı”, Raket və Artilleriya Qoşunlarının bölmələrinin mənsubları isə “raketçi” olub.
Nazir Şuşa əməliyyatı haqqında da suala cavab verib. O, əməliyyatın məxfi olduğunu dedi, lakin açıqlaya bilməyəcəyini qeyd etdi. Şuşa əməliyyatı ilə bağlı məxfiçilik yalnız hücum başlayarkən və davam edərkən məxfi ola bilərdi. Azərbaycan Şuşaya taktiki atom bombası atmayıb, qadağan olunmuş silahlardan istifadə etməyib. Bundan əlavə, əməliyyat bütünlüklə videomüşahidə altında olub. Belə olan halda, hansı məxfiçilikdən söhbət gedə bilərdi?! Ən əsası, əməliyyatda iştirak edən şəxslərin, demək olar, hər biri döyüşlər haqqında müsahibələr verib. Həm də əməliyyatın üstündən ilyarımdan çox vaxt keçib. Əgər müharibə olmasa və Azərbaycan ordusunun mənsubları Şuşada xüsusi bir əməliyyat keçirmiş olsaydı – müharibədən əvvəl bir neçə belə əməliyyat baş verib – onun məxfiçiliyi qoruna bilərdi. Ona görə də nazirin Şuşa əməliyyatı barədə sirli danışması qəbuledilən deyil.
Nazir müsahibəsində sözyaratmaya da töhvə verdi. Dilimizə “havaçı”, “raketçi” sözlərini gətirmiş oldu.
İstənilən bir ölkənin müdafiə naziri, xüsusilə müharibədən təzə çıxıb, münaqişənin taleyinə aydınlıq gətirilməmiş ölkənin müdafiə naziri müsahibə verərsə, həmin müsahibə nəinki həmin ölkənin, qarşı tərəfin, hətta regionda maraqlı olan ölkələrin mətbuatının, ən azı, bir həftəlik mövzusuna çevrilir və çevrilməlidir. Cəmiyyət nazirin tezisləri üzərində müzakirələr aparmalıdır. Təəssüf ki, tam əksini gördük.
Gözləntimi yüksək tutduğum üçün özümdən üzr istəyirəm…
Daha ətraflı rəydəki linkdən oxuya bilərsiniz…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki