image-cavansirbackend

Zəfər dolu 44 gün

image-reklam_sirab_01

İki il öncə sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad olundu. Noyabrın 8-i tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın qüvvəyə minməsi ilə münaqişənin hərbi fazası tamamlandı.

Bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Zəfər dolu 44 gün” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Beləliklə, 30 il ərazində Cənubi Qafqazda mövcud olmuş, hətta Sovet İttifaqının çökməsi proseslərində önəmli rol oynamış, postsovet dönəmində isə həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyinə ciddi şəkildə zədələr vurmuş münaqişələrdən biri – Qarabağ münaqişəsi onu başladan tərəfin – Ermənistanın ağır məğlubiyyəti ilə başa çatdı. Ermənistan 30 ildən bəri işğal altında saxladığı və dünya birliyinə “Dağlıq Qarabağ Respublikası” adı altında müstəqil dövlət kimi tanıtmağa çalışdığı ərazilərin təxminən 75 faizini döyüşlər nəticəsində itirdi və ya döyüşsüz təhvil verməyə məcbur edildi. Üzərinə bir sıra öhdəliklər, o cümlədən cənub sərhədləri boyunca öz ərazisində Qarabağı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin açılması öhdəliyini götürdü. Otuz il ərzində davam edən erməni inadkarlığı və imkan düşdükdə öz ilhaqçılığına rəsmi leqallıq qazandırmaq kimi riyakar niyyətləri Ermənistanı böyük itkilərlə üz-üzə qoydu. Ermənistanın hərbi potensialının təxminən 60-70 faizi Milli Ordumuz tərəfindən məhv edildi və ya qənimət kimi ələ keçirildi. Döyüşlərdə itirilmiş hərbi texnika, silah və sursatın dəyərinin 5 milyard dollardan çox olduğu bilinir. Döyüşlərdə Ermənistanın separatçılarla birlikdə təqribən 10 min canlı qüvvə itirdiyi ehtimal olunur. Hərbi əməliyyatların gedişində Ermənistan hərbi cinayətlər törətməkdən də çəkinmədi. Döyüş bölgələrindən kənarda və hətta uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan raket atəşinə tutmaqla çoxsaylı mülki şəxslərin həyatına son qoydu. Lakin bütün bunlar döyüş səhnəsində Ermənistana bir anlıq da olsa üstünlük qazandıra bilmədi. Qırx dörd günlük savaşın hər günü Ordumuzun zəfərləri ilə yadda qaldı.

Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Ermənistan beynəlxalq səviyyədə təkləndiyini gördü. Ənənəvi dostları hesab olunan Fransa, Yunanıstan və Kiprin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri boşa çıxdı. Münaqişənin davam etdiyi bütün illər ərzində təmənnasız yardımına adət etdiyi və bu savaşda da xilas ünvanı kimi baxdığı Rusiya isə tərəfsizlik nümayiş etdirməklə Ermənistanı daha çox məyus etdi.

Tarixən öz mütəşəkkilliyi ilə seçilən dünya erməniliyi də Ermənistanın köməyinə gələ bilmədi. Beynəlxalq aləmdə Ermənistan dövlətindən daha güclü hesab olunan erməni diasporu bir neçə terrorçu qruplar və beynəlxalq səviyyədə intensiv, lakin uğursuz media dəstəyi təqdim etməkdən başqa ermənilərə heç bir əməli siyasi yardım göstərə bilmədi.

Ermənilərin Cənubi Qafqaza köçürülməsindən və türk torpaqlarında məskunlaşmasından sonra keçən 2 əsr ərzində uydurduğu “dənizdən-dənizə böyük Ermənistan” kimi mifik təsəvvürlərə əsaslanan milli ideyası – erməniçilik ideyası Azərbaycan reallıqları ilə toqquşmada darmadağın oldu. Ermənistan daxilində ictimai-siyasi münasibətlər gərginləşdi və bu gərginliyin hələ uzun zaman davam edəcəyi qaçılmazdır. Beləliklə, 200 illik saxtakarlıq və riyakarlıq tarixinin yekunu olan 44 günlük savaşda Ermənistan öz xalqının bu gününü və gələcəyini itirdi.

Azərbaycan Ordusu guya münaqişənin hərbi həllinin olmaması haqqında beynəlxalq qurumlar tərəfindən ictimai fikirdə formalaşdırılmış mifi darmadağın etdi. İşğal olunmuş ərazilərdən didərgin düşmüş bir milyona yaxın məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıtmaq arzularına qovuşdu və dədə-baba torpaqlarında öz həyatını yenidən qurmaq imkanları qazandı. Otuz il ərzində işğal altında qalmış və düşmən tərəfindən yağmalanmış 12 min kvadratkilometr ərazi ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə qaytarıldı və bu ərazilərin abadlaşdırılması və iqtisadi cəhətdən mənimsənilməsi prosesinə başlanıldı. Həmin ərazilərdəki təbii resurslarımızın, o cümlədən zəngin faydalı qazıntı yataqlarının və geniş su ehtiyatlarının bərpa olunması və yenidən istismara verilməsi ölkənin iqtisadi-sosial inkişafının daha da sürətləndirilməsi üçün yeni imkanlar açdı.

Qırx dörd günlük savaş Azərbaycan xalqının mətin iradəsini, milli ideya ətrafında sıx birləşmək və sarsılmaz ümumxalq həmrəyliyinə nail olmaq bacarığını, işğala boyun əyməmək əzmini və dünya birliyi tərəfindən göstərilən ədalətsizliyə qarşı barışmazlığını nümayiş etdirdi. Dövlət-Xalq-Ordu birliyi özünün ən yüksək zirvəsinə çatdı. Azərbaycan-Türkiyə qardaşlığı zamanın daha bir sınağından alnı açıq çıxmaqla daha da möhkəmləndi və qardaş Türkiyənin dünyada nüfuzu və rolu daha da yüksəldi.

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq siyasi rəqabət meydanındakı davamlı qələbələri 44 günlük savaşdakı parlaq hərbi qalibiyyəti ilə zənginləşdi. Azadlıq savaşı Prezident İlham Əliyevin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlətimizin başçısının siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi, onu bölgənin birmənalı söz sahibinə çevirdi.

Hazırda Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazilərin Azərbaycanın siyasi-inzibati idarəçiliyinə keçməsi ilə bağlı siyasi səylər diplomatik müstəvidə davam etdirilir. Postmüharibə mərhələsində uğurlu olmağın zəmini isə iki il öncə hərb meydanında qazanılmış qələbələrlə qoyulub və diplomatik masada da Azərbaycanın davamlı uğurları şübhəsizdir. Bu əminliyi yaradan Azərbaycan xalqının sarsılmaz iradəsi, Azərbaycan Respublikasının Prezidenti və Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası ilə uzun illər ərzində ərsəyə gətirdiyi “Dəmir yumruq” siyasəti və bu siyasəti böyük qəhrəmanlıq və fədakarlıqla həyata keçirən Azərbaycan Ordusudur. Qırx dörd günlük müharibədə 3 minə yaxın əsgər və zabitimiz Vətənin azadlığı naminə bir an belə tərəddüd etmədən öz həyatlarını qurban verdilər. Döyüş meydanında göstərdikləri fədakarlıq və qəhrəmanlıqları ilə öz adlarını xalqımızın qan yaddaşına qızıl hərflərlə həkk etdilər. Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image