İki yüz ilə yaxındır ki, Qarabağ milli-etnik, regional və dövlətlərarası konfliktlərin mərkəzində, öz miqyasından qat-qat böyük qüvvələrin savaş meydanı olaraq qalmaqda idi. Öz-özlüyündə cəmi 4.38 min kvadrat kilometrlik bir ərazi-inzibati vahidi özündən çox böyük siyasi mərkəzlərin maraqlarının cəmləşdiyi nüvə mərkəzi olaraq qalır. SSRİ-nin dağılmasının Qarabağ kimi ərazilərdən başlandığı heç kəsə sirr deyil. Sonrakı zəncirvarı reaksiyalar-işğalçılıq və cinayətkar separatizm dalğası digər sosialist ölkələrə sıçradı və bununla da lokal miqyaslı olmadığını sübut etdi. İndi əks proseslər Qarabağın yeni durumu əsasında gedir. Separatizmə qarşı mübarizə aparanlar, bütövlük uğrunda savaşanlar və ədalət tələb edən ölkələr-xalqlar Azərbaycanın Zəfərini bir simvol kimi qəbul edərək yaranmış yeni presedentdən yararlanaraq, dünyada fərqli eraya qədəm qoyurlar. Zəfərimiz dünyada ədalət tərəfdarı olan hər bir dövləti qələbəsinə çevrilib.
Tarixi Zəfər
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirir ki, dünyada 52-dən artıq etnik-milli və dövlətlərarası konflikt mövcuddur. Birləşmiş Millətlər Təşkilatının rəsmi statistikasına görə 82 milyondan çox məcburi köçkün-qaçqın ağır şəraitdə yaşayır. Vətən müharibəsi isə bizi o siyahıdan çıxardı. Artıq dövlətçiliyimiz tariximizdə köçkünlükdən geri qayıdış mərhələsi başlayıb və ölkə rəhbəri bütün tarixi torpaqlara qayıtmaq mesajı verib: “Əlbəttə, Qələbə həm də bütün ssenarilərin kontekstində daha aydın və əzəmətli görünür. Əgər biz savaşı qazana bilməsəydik, təkcə ölkəmizin hazırkı ictimai-siyasi və iqtisadi reallığı ağır gərginliyin içərisinə düşməyəcəkdi, həm də öz qüvvəsinə inamı məhv olan bir xalqın dövlətçiliyi sarsıla bilərdi. Bizim məğlubiyyətimizi istəyən dairələr vardı. Lakin bizim uduzmaq şansımız yox idi, çünki Qələbəmiz Heydər Əliyev ideallarının və kursunun 27 il əvvəlki təməlləri üzərində qurulmuşdu. İkinci Qarabağ müharibəsində rəsmi statistikalarına istinad etsək, iki ölkə birlikdə 7 minə qədər hərbçi itirib. İki tərəfdən birgə olan yaralıların sayı tam açıqlamasa da, qeyri-rəsmi rəqəmlərə görə iki tərəfdə ümumi say 16-18 minə çatır. Əgər günlük hesabda biz müharibənin itki miqyasını-şiddət dərəcəsini ölçmək istəsək, onda görəcəyik ki, bir gündə həyatını itirənlərin ümumi sayı 159 nəfərə, yaralıların sayı isə 360-400-ə yaxındır. Deməli, 21-ci əsrin müharibəsi adlandırılan sonuncu savaş birinci Qarabağ müharibəsi qədər davam etsəydi, 350 mindən artıq itkilər ola bilərdi. Bizim 44 günlük Zəfərimiz təkcə ən qısa vaxtda, ən azı itki ilə ən yüksək nəticə qazanıldığı haqq savaşı kimi tarixə düşməsi qeyd etdiyimiz göstəricilər baxımından müqayisəolunmaz hadisədir”.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri qeyd edib ki, 44 günlük müharibənin dünya tarixi üçün mühüm əhəmiyyətlərindən biri də İkinci Dünya Müharibəsindən sonra həmin savaşdan böyük diplomatik məharətlə kənarda qalmağı bacarmış qardaş Türkiyənin və faşizmlə döyüşün qalibi sayılan, Sovetlərin Birliyinin varisi adlandırılan Rusiya dövlətinin rəhbərinin 3-cü dövlətin, indiki halda Azərbaycanın qələbəsini tanıyan bir aktı imzalaması nadir hadisədir. Son 76 ildə buna bənzər digər bir faktı göstərmək mümkün deyil: “Dünya tarixində ərazi işğalları aradan qaldırılarkən on min kvadrat kilometr ərazilərin düşmən qüvvələrdən təmizlənməsi ən azı 3 dəfə artıq ərazilərə müharibənin yayılması şəraitində mümkün olur. Bərdəyə, Gəncəyə, Tərtərə vurulan xain zərbələrə baxmayaraq, İkinci Qarabağ müharibəsi strateji obyektlərə, yollara, hava limanlarına, döyüş zonasına yaxın yerləşən onlarla yaxın bölgənin yaşayış massivlərinin hərbi-texnolji imkanlarla qətiyyətlə qorunduğu şəraitdə keçən çox azsaylı ağıllı müharibə nümunəsidir. Yəni, hərbi əməliyyatların radiusunu Qarabağ və ətraf ərazilərdə lokallaşdırmaq Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir”.
Quruculuq yolu
Zahid Oruc xatırladıb ki, Azərbaycan son yüz illik tarixində güclü liderlərə, güclü xalqa, zəif orduya, yaxud güclü liderə, parçalanmış xalqa və dağılmış orduya malik olduğu illərin hamısında torpaq itirib və məğlub olub. Ölkəmiz özünün müstəqillik tarixində ilk dəfədir ki, güclü liderə, vahid xalqa və monolit orduya malik olub və məhz ona görə də qələbə qazanıb. Ona görə də qalib birliyi qoruyub saxlayanda ölkəmizə zaval olmayacaq: “Müharibəni səngərdə ordu aparmasına baxmayaraq, dünyada qəbul olunmuş aksiomadan hamı bilir ki, savaşı məhz dövlət aparır. Ölkələrin ali qanunvericilik aktlarında-Konstitusiyada buna görə dövlətin üzərinə 14-dən artıq vəzifə qoyulmuşdur. Xalqın səfərbərliyindən beynəlxalq aləmdə müttəfiqlərinin sayını artırmağa, iqtisadi resursların düzgün müəyyənləşdirilməsi və yönləndirilməsinə qədər hamısı məhz dövlətin üzərində olan bir nömrəli tələbdir. Ona görə də bizim qələbəmiz Azərbaycan dövlətinin vahidliyi olmadan, onun bir mərkəzdən və bir liderdən idarə olunmadan sadəcə mümkün deyildi”.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri vurğulayıb ki, müharibənin ən böyük nəticələrindən biri də “kiçik Ermənistan”ın meydana çıxmasıdır: “Əgər 44 günlük savaşdan sonra həmin dövrdə Ermənistan prezidenti olmuş Armen Sarkisyan bəyan etmişdirsə ki, “biz kiçik xalqıq və kiçik Ermənistanda yaşayırıq”, bu, sadəcə bir məruzə və çıxış deyildi. Bu, o iddiaların, erməni kimliyini müəyyən edən və onların qibləgahına çevrilən, milli din səviyyəsinə qaldırdıqları “dənizdən-dənizə” ideyasının məhvi deməkdir. Ermənistanın dənizə çıxmaq planın iflasa uğraması Vətən müharibəsinin ən böyük nəticələrindən biridir. Qarabağ isə bizim üçün təkcə, ərazi vahidi, yurd yeri və doğma torpaqlar demək deyil, həm də dövlət və millət quruculuğu üçün bir ideoloji-siyasi platformadır. Qarabağ millətçiliyi və Vətən savaşındakı qələbə bizi yeni millətə və dövlətə çevirib. Azərbaycanlı kultunun dünyada güclənməsi savaşın mühüm nəticələrindən növbətisidir. Bu təbii zənginliyimizdən daha böyük sərvətdir. Bizim partiyaların-hərəkatların, siyasi institutların və beyin mərkəzlərinin, ideoloji quruluşların vəzifəsi Qarabağdan sonrakı idealları və hədəfləri formalaşdırmağı onlardan tələb edir. Biz Zəfərə gələn yolda hamının fədakar mübarizəsinə rəğmən bu vəzifənin öhdəsindən gələ biləcəyinə inanırıq”.
Zahid Oruc Zəfərimizin ötən dövr ərzində dünyanı daha aydın gördüyümüzü söyləyib: “Gələcəyimiz Ali Baş Komandanın çağırışlarına elita və xalqın nə dərəcədə sürətlə səfərbər olmamızdan asılı olacaq. Riyazi olaraq, birlik formulunu ifadə etməli olsaq, deməliyik ki, əgər 100 min insan dövlətlə vahid sırada dayanarsa, ordu gücü, on milyon insanımızın seli Prezidentimizlə müqəddəs Savaşımızda olduğu kimi dayananda parlaq Qələbəmiz meydana gəlir. Biz 90-cı illərdə dağılmış iqtisadiyyatı və sarsılmış idarəçiliyi aradan qaldırıb, Yeni Dövlət qurduq. Onda da minlərlə binanın təməl daşı və dövlətin siyasətinin fundamentini ulu öndər Heydər Əliyev yaradırdı. İndi Cəbrayıldan, Füzulidən Şuşayadək bütün azad torpaqlarda oğul Əliyev təməlli Vətən formalaşır. Qalib Prezident müharibə kimi dinc və sülh quruculuğunu da qəhrəman xalqımızla birlikdə aparır”.
Fuad Hüseynzadə
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vətəndir” layihəsi çərçivəsində hazırlanıb.