Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Baş naziri Binyamin Netanyahu ilə mümkün görüş barədə danışıb.
Vətəninfo.az xəbər verir ki, Zelenski The Jerusalem Post nəşrinə müsahibəsində bildirib ki, tərəflər arasında qarşılıqlı maraqlar mövcuddur:
“İsrail tərəfi mənimlə əlaqə saxlayıb. Mənim ehtiyaclarım onda, məndə də onun ehtiyacları var. Buna görə də bu dialoqa hazıram”.
Prezident müsahibəsində İran və Rusiya arasında hərbi əməkdaşlığa da toxunub. Onun sözlərinə görə, Tehran Moskvaya “Şahid” tipli pilotsuz uçuş aparatları tədarük edib, Rusiya isə bunun müqabilində onların təkmilləşdirilməsinə dəstək verib.
Zelenski qeyd edib ki, İran rəsmiləri əvvəlcə bu əməkdaşlığı inkar edib və tədarüklərin miqyasını kiçiltməyə çalışıblar:
“Onlar deyirdilər ki, biz sadəcə müəyyən sayda dron satmışıq. Amma bu doğru deyildi. Əlbəttə ki, yalan danışırdılar”.
Onun sözlərinə görə, İranın təşəbbüsü ilə Rusiya bu tip silahların, eləcə də daha ucuz variantların öz istehsalını qurmağa başlayıb.
Ukrayna lideri bildirib ki, rəsmi Kiyev bu təhlükə ilə üzləşən ölkələrə dəstək göstərməyə hazırdır. O qeyd edib ki, artıq bir sıra dövlətlərə hava hücumundan müdafiə sahəsində kömək məqsədilə üç hərbi ekspert qrupu göndərilib.
“Bu, hücum deyil, yalnız müdafiə xarakterli dəstəkdir”, – deyə Zelenski vurğulayıb.
Prezident həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyət hələ də Vladimir Putin-i dayandırmaq üçün yetərli addımlar atmır:
“Təəssüf ki, dünyada Putini həqiqətən dayandıra biləcək bir qüvvə görmürük”.
Zelenski hesab edir ki, mövcud təhlükə İran və Rusiya tərəfindən birgə formalaşdırılıb və bu, qlobal təhlükəsizlik üçün ciddi risk yaradır.
Qeyd edək ki, daha əvvəl diplomat Roman Bezsmertnı Rusiya-Ukrayna müharibəsi ilə İran-İsrail qarşıdurmasının əslində eyni geosiyasi prosesin iki cəbhəsi olduğunu bildirib. Onun fikrincə, Qərb bu iki istiqamətdə səylərini koordinasiya etməsə, münaqişələr daha da uzana bilər.


























