Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Donbasda nəzarətində olan ərazilərin həcmi ilə bağlı yanlış təsəvvürə malik olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Zelenski bu barədə noyabrın 10-da Əbu-Dabidə keçirilən ABŞ-Ukrayna-Rusiya üçtərəfli danışıqlarından sonra Kopenhagendə keçirdiyi mətbuat konfransında danışıb.
Ukrayna prezidentinin sözlərinə görə, danışıqlar zamanı Rusiya nümayəndə heyəti Moskvanın Donbasın faktiki olaraq Ukraynanın nəzarətində olan hissəsinin yarısını işğal etdiyini iddia edib.
UNIAN agentliyinin məlumatına görə, Zelenski bildirib ki, Rusiya nümayəndə heyətində təmsil olunan hərbi və kəşfiyyat rəsmiləri bu fikri ciddi şəkildə ifadə ediblər.
O, Rusiya Prezidenti Vladimir Putinin reallığı təhrif olunmuş şəkildə qiymətləndirdiyini vurğulayıb:
“Putin reallığa fərqli baxışla yaşayır. Bu, təhrif olunmuş reallıqdır. O, bu fikirlərini amerikalılara da çatdırır və bildirir ki, ona bir, iki və ya üç ay vaxt lazımdır, bundan sonra Ukraynanın şərqini tamamilə işğal edə bilər. Lakin bu, yalandır və reallığı əks etdirmir”.
Zelenskinin sözlərinə görə, Əbu-Dabidə danışıqlarda iştirak edən NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Aleksis Xrinkeviç də Ukraynanın döyüş əməliyyatları ilə bağlı təqdim etdiyi xəritənin mövcud vəziyyəti daha dəqiq əks etdirdiyini təsdiqləyib.
Ukrayna lideri danışıqlarda humanitar məsələlərin, xüsusilə də hərbi əsirlərin mübadiləsinin əsas müzakirə mövzularından biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Kiyev 1000-ə 1000 və ya 1500-ə 1500 formatında genişmiqyaslı əsir mübadiləsinin həyata keçirilməsinə çalışacaq.
Zelenski, həmçinin ABŞ və Ukraynanın ikitərəfli danışıqlar apardığı, lakin üçtərəfli görüşlərdə birbaşa iştirak etməyən Avropa ölkələri və NATO nümayəndələrinin Əbu-Dabidə olmasının əhəmiyyətini vurğulayıb.
Ukrayna prezidentinin açıqlamasına görə, noyabrın 11-də danışıqların ikinci günündə gərginliyin azaldılması istiqamətində mümkün addımlar, enerji sektoru, Qara dənizdəki vəziyyət, hərbi əsirlərin mübadiləsi və dövlət başçıları səviyyəsində üçtərəfli görüşün keçirilməsi imkanları daha ətraflı müzakirə olunacaq.


























