2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 4 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu.
Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib.
Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb. Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb.
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.
Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.
Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri əlbəttə ki, yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə bağlı olub. 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci “Ağıllı kənd” pilot layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi keçirilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində üstünlük verilən “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə əsasən artıq 250-dən çox ailə Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır.
Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. “Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.
Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini zamanın zərurətinə çevirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında davamlı müsbət nəticələrə gətirib çıxaracaqdır.
Qeyd edilməlidir ki, Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.
Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı “Qırmızı Kitab”a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək. İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynayacaqdır.
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi qazisi