image-image-7backend

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

image-reklam_sirab_01

Məlumdur ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirmişlər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdırlar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri hesab olunur. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.

Soyqırıma məruz qalan bölgələrdən biri də Şamaxıdır. Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün və tədqiqat işləri hələ də davam etdirildiyi səbəbindən erməni cinayətlərinin tam mənzərəsi formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Bu faciənin tədqiq edilməsi məqsədilə  1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən, həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənmişdir. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar tərəfindən bir sıra araşdırmalar aparılmışdır. Müəyyən edilmişdir ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirmişlər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur.

Ermənilərin soyqərəm törətdiyi başqa bir bölgə Quba olmuşdur. Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Tədqiqat zamanı o da məlum oldu ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülmüşdür.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda deyilirdi: “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi həyat keçirilməyə başlanılmışdır. 26 mart 1998-ci il tarixli Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir. Bu Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmış və Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır. Üzə çıxmış tarixi faktlar isə 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq tapıldı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertizalar və antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.

Quba Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir (https://soyqirim.az/). Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir. Bu gün də xalqımız ermənilər tərəfindən törədilmiş soyqırımı yaddan çıxartmayıb və çıxarmayacaqda.

 

Selenay Rüstəmova – Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki