Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində xaricdə yaşayan diaspor nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə Mərkəzin əməkdaşları, Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin və Misir – Azərbaycan Dostluq Cəmiyyətinin sədri və həmtəsisçisi Seymur Nəsirov, Amerika – Azərbaycan Qadın Cəmiyyətinin rəhbəri və Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Minəvvər Vahabova, Pakistan – Rumıniya Dost Cəmiyyətinin sədri Şəhla İsayeva, Londonda fəaliyyət göstərən Azərbaycan Qadınlar Klubunun sədri Sevil Aslanova iştirak etmişlər.
Veteninfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva ölkədə dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqinin təkmilləşdirilməsi, nüfuzunun yüksəldilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Ana dilimizin diplomatiya aləminə yol açmasını, dünyanın ən mötəbər kürsülərindən səsləndirilməsini qürurverici hal kimi dəyərləndirən S.Əliyeva Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində də Monitorinq Mərkəzinin qarşısında prioritet məsələlərin durduğunu diqqətə çatdırmışdır. O, xaricdə yaşayan soydaşlarımız tərəfindən dilimiz və mədəniyyətimizin təbliğinə dair keçirilən tədbirləri qiymətləndirməklə müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizlə əməkdaşlığın zəruriliyindən bəhs etmişdir.
Diaspor nümayəndələri Dünya Azərbaycanlılarının V Qurultayındakı iştirakları ilə bağlı unudulmaz təəssüratlarını bölüşərək Qurultayda müzakirə olunan məsələlər, Azərbaycan diasporu qarşısında qoyulan yeni məqsəd və vəzifələrdən söhbət açmışlar. Çıxış edən Seymur Nəsirov Misirdə Azərbaycan dilinə böyük maraq olduğunu, artıq 1150-dən çox tələbənin Azərbaycan dilinə yiyələndiyini bildirmişdir. Natiq xaricdə Azərbaycan dilinin tədrisi prosesini daha da təkmilləşdirmək məqsədilə əcnəbilər üçün Azərbaycan dili proqramlarının hazırlanması, müxtəlif tədris səviyyələri üzrə xüsusi dərsliklərin nəşr olunması, əcnəbi tələbələrin müvafiq ədəbiyyatla təmin edilməsi, yay məktəblərinin yaradılması, Monitorinq Mərkəzi tərəfindən onlayn dərs və təlimlərin təşkili kimi praktik təkliflərlə çıxış etmişdir.
Azərbaycan dilinin tədrisi ilə bağlı mövcud çətinliklərdən danışan Minəvvər Vahabova xüsusi mərkəzlərin yaradılmasının, uşaqların ana dilini daha dərindən mənimsəmələri üçün həftəsonu məktəblərinin fəaliyyətinə dəstək verilməsinin əhəmiyyətini vurğulamışdır.
Aparılan müzakirələrin yekunu olaraq xaricdəki mərkəz və cəmiyyətlərin fəaliyyətləri yaxından öyrənilməklə Azərbaycan dilinin dünya miqyasında nüfuzunun yüksəldilməsi və tətbiqi istiqamətində görüləcək vəzifələr müəyyənləşdirilmişdir.