Seymur Orucovun sədrliyi ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçən növbəti iclasda Şuranın üzvləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İclası giriş nitqi ilə açan RİH başçısı bildirib ki, dünyaya dövlət suverenliyimizin tam bərpasını təcəssüm etdirən, beşinci ildönümünü qürurla qeyd etdiyimiz tarixi Zəfər, eləcə də hər bir sahədə əldə olunan böyük nəaliyyətlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tərəqqisi, xalqımızın xoşbəxt gələcəyi naminə müəyyən etdiyi və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi müdrik siyasətin təntənəsidir. Rayonun sosial-iqtisadi inkişafından söz açan RİH başçısı qeyd edib ki, hesabat dövründə abadlıq-quruculuq və təmir-tikinti sahəsində davamlı inkişaf təmin edilmişdir. Belə ki, Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış bunalarının təmir olunması istiqamətində zəruri tədbirlərin icrası davam etdirilir. Hazırda 20 Yanvar, Azər Yusifli, Hüseyn Arif, Eyvaz Qələmçəli və Alı Mustafayev küçələrində abadlıq işləri uğurla aparılır. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsində məhsulların ümumi həcmi yanvar-sentyabr aylarında 106,7 milyon manat təşkil etmişdir ki, bu da dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində mümkün olmuşdur.
Gündəlikdə duran məsələlər diqqətə çatdırılaraq söz məruzəçilərə verilib.
Öz növbəsində RİH başçısının birinci müavini Müşfiq Hüseynov – Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası qanunlarının, Nazirlər Kabinetinin qərarlarının icrası və həmin qanunvericilik aktlarının həyata keçirilməsi sahəsində görülmüş işlər, Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev – magistral və daxili yolların kənarlarına ağac tinglərinin əkilməsi və rayon daxilində yaşıllıqların salınması barədə geniş məruzələrlə çıxış ediblər.
Məsələlər ətrafında geniş müzakirələr aparılaraq Şuranın müvafiq qərarları qəbul olunub. Həmçinin qeyd olunan çatışmazlıq və nöqsanlarla bağlı aidiyyəti üzrə məsul şəxslərə iradlar bildirilib, onların aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr və nəzarət qaydasında tapşırıqlar verilib.



























