Moskvadakı Dağ Yəhudiləri İcma Mərkəzində “STMEQİ” xeyriyyə fondunun 25 illiyinə həsr olunmuş Sergey Vaynşteyn adına mükafatın onuncu təqdimetmə mərasimi keçirilib.
Mükafat 2015-ci ildə vəfat etmiş alim-etnoloq və ictimai xadim Sergey Vaynşteynin şərəfinə adlandırılıb. Bu mükafat görkəmli şəxsiyyətlərə -ictimai və dini xadimlərə, mədəniyyət ustalarına və alimlərə həm Rusiyada, həm də onun hüdudlarından kənarda dağ yəhudilərinin mədəniyyətinin və cuhuri dilinin qorunub saxlanılması və təbliğinə verdikləri mühüm töhfəyə görə təqdim olunur.
Sergey Vaynşteyn adına mükafatın təsisçisi Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu olan “STMEQİ”-dir.
Fondun prezidenti German Zaxaryayevin sözlərinə görə, təşkilatın iyirmi beş illik fəaliyyəti gərgin əməyin, axtarışların, görüşlərin və öz xalqı qarşısında böyük məsuliyyətin illəridir:
“İrsi yalnız özün üçün qoruyub saxlamaq kifayət deyil, ən əsası onu övladlara və nəvələrə ötürməkdir. Ailəmizin və icmalarımızın tarixi kitablarda, musiqidə, ailə söhbətlərində, övladlarımızın qəlbində yaşamalıdır. Bu illər ərzində biz böyük yol keçmişik — ailə təşəbbüsündən ən böyük beynəlxalq təşkilata çevrilmişik: kitablar nəşr edirik, çətin vəziyyətə düşmüş ailələrə kömək edirik, «26 İyar» layihəsini inkişaf etdiririk və cuhuri dilimizin unudulmasına imkan verməmişik. Biz hamımız birlikdə gələcəyi qururuq.
Vaynşteyn adına mükafatın laureatları — dağ yəhudilərinin ənənələrini, adətlərini və mədəniyyətini qoruyub saxlamağa ən böyük töhfə verən, beynəlxalq mediada icmanın simasını formalaşdıran insanlardır. Qalibləri müəyyənləşdirərkən çətin seçim qarşısında qaldıq, çünki bir çox layiqli namizəd arasından ən yaxşılarını seçmək lazım idi. Seçim asan olmasa da, əminik ki, ən layiqliləri qiymətləndirmişik.”
Bu il Sergey Vaynşteyn adına mükafatın laureatları dağ yəhudilərinin musiqi irsini fəal şəkildə təbliğ edən kürd əsilli Rusiya-Türkiyə müğənnisi Adil Karaca, gənclərin dini maarifləndirilməsi ilə məşğul olan Moskva Dağ Yəhudiləri İcmasının ravvini Aaron Sadikov, cuhuri dilinin qorunması üzərində çalışan israilli yazıçı Batsion Abramova, dağ yəhudi icmasının tarixini və mədəniyyətini araşdıran israilli antropoloq Xen Bram və öz yaradıcılığında mədəni ənənələri qoruyub saxlayan Azərbaycan və Rusiyadan olan xalçaçı-rəssam Albert Rəfiyev olublar.
“Bugünkü mükafat təkcə mənim deyil. Hesab edirəm ki, bu, bütün xalqımın ümumi mükafatıdır. Məsələ burasındadır ki, mənim sənətimdə xalqımın məişəti, həyat tərzi əks olunub. Bunsuz işim alınmazdı!”


























