Çinin Hebey əyalətində Beynəlxalq İstedad Mübadiləsi Konfransında iştirak etmək məqsədilə bu ölkədə olan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səfər çərçivəsində Hebey Pedaqoji Universitetinin rektoru professor Li Quicün ilə görüşüb.
Görüşdə çıxış edərək Azərbaycanla elmi-mədəni əlaqələrin genişləndiyini bildirən professor Li Quicün elm və ali təhsil sahələrində ölkələrimiz arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu məqsədlə yaxın perspektivdə rəhbərlik etdiyi universitetlə Azərbaycan Milli Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanmasının müxtəlif elm sahələri üzrə əlaqələrin genişləndirilməsinə şərait yaradacağını bildirib.
Sonra akademik İsa Həbibbəyli çıxış edərək iki ölkənin elm və ali təhsil müəssisələri arasında yaranmış əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib. AMEA-da mövcud olan elm sahələri üzrə Hebey Pedaqoji Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulması sayəsində səmərəli nəticələr əldə olunacağına inamını ifadə edən akademik İsa Həbibbəyli imzalanacaq memorandum üzrə müvafiq təkliflərini irəli sürüb.
Akademik İsa Həbibbəyli 2024-cü ildə Hebey Pedaqoji Universiteti ilə birgə keçirilmiş “Xəzərdən Çinə: ədəbiyyat, texnologiya və sosial həyat” beynəlxalq elmi konfransın əhəmiyyətini bir daha vurğulayaraq gələcəkdə də müştərək konfransların təşkil edilməsinin önəmini diqqətə çatdırıb.
Fikir mübadiləsi və müzakirədən sonra iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyət üzrə razılıq əldə olunub.
Görüşdə Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Hebey Pedaqoji Universitetinin Beynəlxalq Mədəni Mübadilə Fakültəsinin dekanı, eyni zamanda Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Asosisasiyanın prezidenti, tarix elmləri doktoru, professor Çi Siaoyən və digər alimlər iştirak ediblər.



























