Mustafa Topçubaşov qeyri-adi fitri istedada malik insan, böyük nüfuza malik, xalqın inandığı, təbabətin bütün sirlərini bilən və bir çox istiqamətdə fəaliyyət göstərən, cərrahiyyənin loğmanı olmuşdur. Praktiki cərrahlıq elmi məktəbinin yaradıcısı kimi alimin nailiyyətləri ona Azərbaycanda, həm keçmiş SSRİ-də, həm də dünya səviyyəsində böyük şöhrət qazandırıb.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli oktyabrın 8-də AMEA-nın Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş yubiley tədbirində deyib. Akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyası və AR Səhiyyə Nazirliyinin birgə tədbirlər həyata keçirdiyini söyləyib. Qeyd edib ki, ilkin olaraq iyul ayında hər iki qurumun birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib, bu günlərdə isə Səhiyyə Nazirliyi tərəfindən beynəlxalq elmi-praktik konfrans baş tutub. Həmçinin Tədbirlər planına uyğun olaraq, AMEA tərəfindən akademik Mustafa Topçubaşovun biblioqrafiyasının yenidən nəşr edildiyini diqqətə çatdırıb.
Mustafa Topçubaşovun praktiki cərrahiyyə fəaliyyəti ilə yanaşı, həm də elmi tədqiqatlarla dərindən məşğul olduğunu deyən AMEA rəhbəri alimin beş cildlik “Xüsusi cərrahlıq” kitabının bu gün də ali təhsil müəssisələrində tələbələrin dərs vəsaiti kimi istifadə edildiyini bildirib.
Akademik Mustafa Topçubaşovun elmi-təşkilati fəaliyyətindən danışan akademik İsa Həbibbəyli bildirib ki, o, 1945-ci ildə AMEA-nın təsisçilərindən biri olub və akademik seçilib, Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifələrində çalışıb. Həmçinin Mustafa Topçubaşovun həyatını tibb elminə həsr edərək 50 ilə yaxın bir müddətdə Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri kimi peşəkar kadrların hazırlanmasında müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.
Alimin Azərbaycan SSR Ali Sovetinin sədri və üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli qeyd edib ki, xaraktercə sülhsevər, insani dəyərləri yüksək olan alim həm də Respublika Sülhü Müdafiə Komitəsinin sədri olub.
AMEA rəhbəri görkəmli alimin yubileyinin qeyd olunmasının həm də Akademiyanın 80 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərə töhfə olduğunu deyib.