Albaniya Elmlər Akademiyasının prezidenti, akademik Skender Gjinushinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
Nümayəndə heyətini AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev və Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva müşayiət ediblər.
Qonaqları institutun direktoru, akademik Teymur Kərimli qarşılayaraq rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti, burada qorunan zəngin əlyazma fondu, nadir tarixi sənədlər və aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verib. Əlyazmalar İnstitutunun Azərbaycan xalqının çoxəsrlik elmi, ədəbi və mədəni irsinin qorunması, öyrənilməsi və dünya elmi ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib.
Akademik Teymur Kərimli Əlyazmalar İnstitutunun təkcə Azərbaycanın deyil, bütövlükdə Şərq sivilizasiyasının zəngin yazılı irsini qoruyan mühüm elm mərkəzlərindən biri olduğunu deyib. Qeyd edib ki, institut Avropa ölkələrinin akademik qurumları ilə qarşılıqlı əlaqələrin inkişafı, ortaq elmi dəyərlərin araşdırılmasında maraqlıdır.
Albaniya Elmlər Akademiyasının prezidenti, akademik Skender Gjinushi Əlyazmalar İnstitutunda qorunan zəngin irsi mədəni yaddaşın dəyərli nümunələri kimi qiymətləndirib. Azərbaycan alimlərinin bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördükləri işləri tarixi və mədəni əlaqələrin gücləndirilməsinə xidmət edən təqdirəlayiq fəaliyyət kimi xarakterizə edib.
Görüş zamanı elmi əməkdaşlığın perspektivləri, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi və humanitar elmlər sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti institutun ekspozisiya zalları, qədim əlyazmaların gigiyenası, konservasiyası və bərpası laboratoriyası və saxlanclarla tanış olublar, nadir əlyazmalar, qədim kitablar və tarixi sənədlərə baxış keçiriblər.



























