Aprelin 24-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və AMEA-nın Gənclər Akademiyasının təşkilatçılığı ilə keçirilən Akademiyanın gənc alim və mütəxəssislərinin futbol çempionatının açılışı olub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən ənənəvi çempionatın açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, əməkdaşları, Azad Həmkarlar İttifaqının, institutların həmkarlar təşkilatlarının, Gənclər Akademiyasının nümayəndələri və gənc alimlər iştirak ediblər.
Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, bu il də Akademiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbirlərə futbol turnirinin açılışı ilə başlayırıq.
AMEA rəhbəri bildirib ki, Akademiyada futbol çempionatının keçirilməsi gənclərin fiziki sağlamlığının qorunması və onların asudə vaxtlarının səmərəli təşkili baxımından olduqca vacibdir. Çempionata göstərilən marağın bu il artdığını və AMEA-nın Gənclər Akademiyasının da özünün müstəqil komandası ilə yarışda təmsil olunduğunu deyən akademik İsa Həbibbəyli son illərdə Akademiya gəncliyinin inkişafı üçün bir sıra zəruri addımların atıldığını bildirib. Qeyd edib ki, dünya təcrübəsindən irəli gələrək AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyası təsis olunub. Qısa müddət ərzində Gənclər Akademiyasının təşkilatçılığı ilə AMEA və respublika miqyaslı tədbirlər, ana dili olimpiadası və s. tədbirlər keçirilib. AMEA-nın Rəyasət Heyətinin dəstəyi ilə Gənclər Akademiyasının ildə 4 dəfə işıq üzü görən “Gənc tədqiqatçı” jurnalının bir sayı ingilis dilində çap olunur.
Akademik İsa Həbibbəyli hazırda Gənclər Akademiyasının beynəlxalq əlaqələrinin genişlənməsi və ölkəmizdə elmin populyarlaşdırılması istiqamətində əməli addımlar atdığını söyləyib.
Bundan əlavə, Akademiyada prioritet məsələlərdən biri olan kadr hazırlığı məsələsindən irəli gələrək gənc alim və mütəxəssislərin Misir, Polşa, Fransa, Vatikan və s. kimi ölkələrə təcrübə keçməyə göndərildiklərini vurğulayıb.
AMEA-nın Azad Həmkarlar İttifaqının fəaliyyətinə də toxunan akademik İsa Həbibbəyli AHİ-nin siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovun sədrliyi ilə Akademiya həyatında yaxından iştirak etdiyini, müharibə iştirakçılarına, qazilərimizə, şəhid ailələrimizə daim diqqət və qayğı ilə yanaşdıqlarını bildirib. Həmçinin təşkilatın Akademiya əməkdaşlarının sosial rifahının yüksəldilməsi, istirahətlərinin təmin olunması, mədəni tədbirlərdə iştirakı ilə bağlı tədbirlər həyata keçirdiklərini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli AMEA-nın Qadınlar Şurasının və YAP ərazi partiya təşkilatlarının da fəaliyyətinə toxunub, ictimai təşkilatların Akademiya həyatında fəallığını yüksək qiymətləndirib.
Akademik İsa Həbibbəyli futbol çempionatının daim bayram əhval-ruhiyyəsində keçirildiyini söyləyib və komandalara uğurlar arzulayıb.
Daha sonra çıxış edən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov gənc alim və mütəxəssislərin futbol çempionatının keçirilməsinə verdiyi dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, hər il olduğu kimi, bu il də komandaların çempionata hazırlığına diqqət yetirilib, onların bütün zəruri ehtiyacları qarşılanıb. Sənan Həsənov, həmçinin kənar təşkilatlarla Akademiyanın yığma komandasının oyunlarının təşkilinin də nəzərdə tutulduğunu söyləyib.
Açılış mərasimində, o cümlədən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Faiq Babayev futbol çempionatına həsr etdiyi şeirini səsləndirib.
Sonda iştirakçı komandalarla xatirə şəkli çəkilib və akademik İsa Həbibbəyli turnirin açılışının rəmzi olaraq topa ilk toxunuşu edib.


























