image-reklam-veteninfo
image-2788_1762176142backend

AMEA-nın 80 illik yubileyi çərçivəsində Mərkəzi ElmiKitabxanada yeni elektron zalın açılışı olub

image-reklam-veteninfo

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Mərkəzi Elmi Kitabxanada sərgi təşkil olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, həmçinin xarici elmi qurumların rəhbərləri və nümayəndələri sərgidə Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən fundamental və tətbiqi tədqiqatların nəticələrini özündə əks etdirən kitablar, monoqrafiyalar, elmi jurnallar, eləcə də Akademiya əməkdaşlarının rəsm əsərləri ilə tanış olublar. Ziyarətçilər son illərdə AMEA alimlərinin elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq layihələri və yeni nəşr layihələri haqqında ətraflı məlumat əldə ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli sərginin əhəmiyyətini vurğulayıb, elmin cəmiyyətdə təbliği, alimlərin fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi və milli elmi irsin qorunması baxımından bu kimi təşəbbüslərin mühüm önəm daşıdığını bildirib.

Sonra ziyarətçilərə AMEA-nın təsisçilərinin MEK-in foyesində qoyulmuş büstləri qarşısında elm məbədinin qurucuları haqqında məlumat verilib. Qeyd edilib ki, bu büstlər təkcə akademiyanın tarixi və inkişaf yolunu əks etdirmir, həm də Azərbaycan elminin möhkəm ənənələrini və alimlərin cəmiyyət qarşısında göstərdikləri xidmətləri simvolizə edir.

Daha sonra Mərkəzi Elmi Kitabxanada akademiklər üçün xüsusi nəzərdə tutulmuş müasir elektron zalın açılışı olub. AMEA-nın prezidenti açılış nitqində Akademiyanın 80 illik yubiley yığıncağının iştirakçılarının bu elektron zalın ilk qonaqları olduğunu deyib və bu mərkəzin gələcək fəaliyyəti barədə danışıb.

Yeni elektron zalda Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan neft kimyasının əsasını qoymuş, Akademiyanın ikinci prezidenti Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən “Zamanın zirvəsi” adlı sənədli film nümayiş olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki