image-photo-2022-03-25-17-13-43-1backend

AVROPADA BİRİNCİ OLMAQ BÖYÜK NAİLİYYƏTDİR

image-reklam_sirab_01

 

 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində çoxsaylı uğurlar qazanmışdır və qazanmaqda davam edir. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən həmin uğurların hər biri bizim üçün olduqca dəyərlidir. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir və bayrağımız qaldırılır. Həmin uğurları bizə idmançılarımız – ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış gənclərimiz qazandırırlar.

Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər, bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Buna misal bizim iki idmançımızı göstərə bilərik. Hansı ki, onlardan biri  Hacı Əliyev digəri isə Məhəmmədrəsul Məcidovdur. Hər iki idmançımız üçqat dünya çempionu olublar. Bu, doğrudan da böyük idman nailiyyətidir. Yəni, onlar artıq üçüncü dəfə təsdiqlədilər ki, dünyada birincidirlər. Əlbəttə ki, bizim olimpiyaçılarımızın, üçqat dünya çempionlarımızın qələbələri uşaqları da idman bölmələrinə cəlb edir. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır. Eyni zamanda, onların qarşısında gözəl nümunələr olmalıdırki onlar da idmanın bütün növlərində Olimpiya, dünya çempionları olmaq istəsinlər.

Beləliklə, bu gün Azərbaycanda idmanın kütləviliyi də təmin edilir. Biz əlbəttə ki, idmançılarımızın uğurları ilə fəxr edirik. Bu, ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır. Ancaq bununla bərabər, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir, vətəndaşlarımızın sağlamlığıdır. İdman insan sağlamlığı üçün bəlkə də əsas vasitədir.

Cənab Prezident İlham Əliyev öz çıxışlarından birində qeyd edib ki, bu gün idman Azərbaycanın müxtəlif yerlərində artıq kütləvi xarakter alıb: “Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir. Əlbəttə, biz idmanla bağlı siyasətimizi növbəti illərdə davam etdirəcəyik”.

Bu gün Azərbaycan idmançıları bütün beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər. Azərbaycanda keçirilmiş Avropa və İslam Həmrəyliyi oyunlarında biz ən qabaqcıl yerlərdəyik. Ötən illərdə ölkəmizdə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilib və bütün müsəlman aləmində Azərbaycan idmançıları birinci yerə layiq görülüblər. Avropa məkanında isə biz ikinciyik. Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir və bu nailiyyəti bizə bəxş edəndə məhz idmançılarımızdır.

Hər il müxtəlif formatlarda və fərqli növlərdə çoxlu sayda beynəlxalq idman tədbiri keçirilir. Ən irimiqyaslı idman tədbirləri Olimpiya Oyunları və müəyyən qitələrdə keçirilən oyunlar hesab olunur.

Tarixdə ilk, yeni bir idman layihəsi həyata keçirildi. Avropa Olimpiya Oyunlarının mərkəzi olmasına baxmayaraq bu, Bakıda baş tutdu. Avropa Oyunlarının standartları Azərbaycanda qoyuldu. Dövlətimizin əldə etdiyi uğurlar, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq, eyni zamanda, sülhün, barışın təntənəsi baxımından bu cür idman yarışları böyük tarixi hadisə sayılır.

“Bakı-2015” ilk Avropa Oyunları dünyanın bir çox ölkələrində televiziya, radio vasitəsilə yayımlandı, qəzet və jurnallarda işıqlandırıldı.  Əlbəttə, müəyyən zaman keçdikdən sonra bu möhtəşəm Oyunların əhəmiyyəti daha çox özünü büruzə verəcək. Tam qətiyyətlə demək olar ki, birinci Avropa Oyunları tarixdə ilk olaraq Azərbaycan standartlarının tətbiqi ilə yadda qaldı, sevildi və dünya tərəfindən maraqla izlənildi. Statistik məqamlara nəzər salsaq görərik ki, Azərbaycanda keçirilmiş qitənin bu böyük idman bayramı özündə olimpiya, qeyri-olimpiya və paralimpiya idman növlərini cəmləşdirdi ki, bu model də dünyada ilk dəfə tətbiq olundu. Çünki bu vaxtadək sadaladığımız idman yarışları ayrı-ayrılıqda keçirildi. Bundan başqa, qitənin beş aparıcı dövlətindən ikisinin Avropa Oyunlarına ev sahibliyi etməsi barədə istəyi də ilk Avropa Oyunlarının möhtəşəmliyinin bariz nümunəsidir. Deməli, ilk Avropa Oyunları gələcəkdə model olaraq inkişaf edəcək.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu tək biz yox, beynəlxalq ekspertlər, müxtəlif ölkələrin Olimpiya komitələrinin rəhbər şəxsləri, yarışlarda iştirak edən idmançıların özləri və bu beynəlxalq tədbiri işıqlandıran jurnalistlər də təsdiq edirlər.

İlk Avropa Oyunlarında idmançılarımızın uğuru gənc nəslə nümunə oldu. Artıq yeniyetmə və gənclərdə idmana maraq daha da artıb və onlarda qaliblərə oxşamaq istəyi baş qaldırıb. Bu gün hər bir gənc Azərbaycan bayrağını yüksəklərə qaldırmaq barədə düşünür. Oyunlar başa çatandan sonra uşaq və yeniyetmələrin idman cəmiyyətlərinə, klublara axını başlayıb. Bu, onu göstərir ki, Azərbaycanda idman uğurla, dinamik şəkildə inkişaf edir.

Gənc idmançılarımız, uşaqlar, yeniyetmələr müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu, onu göstərir ki, Azərbaycanda idman siyasəti düşünülmüş şəkildə aparılır və bu siyasətin təməli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən qoyulmuşdur.

Yeni nəsil yetişir, görkəmli idmançılar idman karyerasını başa vurduqdan sonra onların böyük əksəriyyəti idmandan ayrılmır. Onlar öz fəaliyyətini məşqçi, mütəxəssis kimi davam etdirirlər. Bir sözlə, bu siyasət və əldə edilmiş nailiyyətlər imkan verəcək ki, gələcəkdə də Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq etsin.

 

Nəsimi rayon sakini

Nəhayət Mübariz qızı Hüseynli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image