image-reklam-veteninfo
image-1backend

Azərbaycan – ABŞ əlaqələri genişlənməkdədir

image-reklam-veteninfo

Bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev sıra mühüm məsələlərə, o cümlədən dünyanın ən aparıcı dövlətlərindən olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərə geniş yer ayırıb.

Vurğulanıb ki, Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər. Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edən dövlətimizin başçısı artıq bu məhdudiyyətin aradan qaldırıldığını vurğulayaraq deyib: “Bunun təbii ki, iki əsas səbəbi var: Birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.
Prezident İlham Əliyev özünün də iştirakı ilə Ağ Evdə keçirilən mərasimdə Prezident Donald Trampın 907-ci düzəlişə son qoymasının rəmzi məna daşıdığını ifadə edib.

Qeyd edilib ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib. Ötən dövrlərdə həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə ölkəmizin münasibətləri istənilən səviyyədə deyildi. “Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”, – deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan uğun illər 907-ci düzəlişin ləğv edilməsinə çalışıb. Bu çox çətin və ağır prosses idi. 11 sentyabr 2001-ci il hadisələrindən sonra isə Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi.

Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra Bayden administrasiyasının bu düzəlişin aradan qaldırılmasını dayandırdığını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir”.

Nəhayət ki, Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib. İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb.
Bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklərin getdiyini, yolların açıldığını və hətta Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu yoxdur. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var”.

Bildirilib ki, Prezident İlham Əliyev ABŞ-da səfərdə olarkən Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanıb. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlanıb. Ölkə başçısının müsahibəsində qeyd etdiyi kimi: “uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir”.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki