Trans-Adriatik Boru Kəməri (TAP) istismara veriləndən, Azərbaycan Avropanı 11 mlrd. kubmetrdən çox təbii qazla təchiz edib.
Veteninfo.az-ın məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, bu il Avropa 2,9 mlrd. kubmetr Azərbaycan qazı ilə təchiz olunub.
Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.