image-fb4ffefd-728f-46cd-8c9d-47a95441e89ebackend

Azərbaycan əsgərinin gücü və vətən sevgisi…

image-reklam_sirab_01

 

 

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimiz var.

Əsl ləyaqətli, qəhrəman əsgər isə təkcə ordu sıralarında, komandirlər, xüsusi təlimatçılar və nizamnamə vasitəsilə hazırlanmır. Bəzən qəhrəmanlar fitrətən anadan qəhrəman doğulur. Amma çox hallarda qəhrəmanı onun ailəsi, cəmiyyət və zaman yetişdirir. Yetkin adam üçün qəhrəmanlıq əvvəlcə onun düşüncəsində yaranır, həyat amalına çevrilir, varlığına hakim kəsilir.

Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən həyata havasını tənəffüslə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir.

Vətən və yurd sevgisi təkcə insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on kilometrlərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.

Vətənpərvərlik, torpaq sevgisi, hərbi anda sədaqət bizim qanımızda var. Azərbaycan xalqında vətənə sədaqət həmişə yüksək səviyyədə olub. İstər 1990-ci ilin 20 yanvar hadisələri, ümummili liderin hakimiyyətə qayıtması, ondan sonrakı dönəm – bütün bunlar xalqımızın qorxmazlığının göstəricisi idi. O dövrdə peşəkar ordumuz, normal idarəetməmiz yox idi, amma xalq gedib torpaqları uğrunda döyüşdü, nə qədər şəhidlər verildi. Döyüşlərdən sonra nə qədər Qarabağ əlilləri, müharibə veteranlarımız oldu. Sevindirici haldır ki, bu gün ölkə başçısı İlham Əliyev onlara yüksək və diqqət qayğı göstərir. Bütün hallarda dövlət qurumları bu istiqamətdə maraqlı layihələr həyata keçirir. Müdafiə Nazirliyi, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Təhsil Nazirliyi hər ay vətənin müdafiəsinə aid təlimlər, rəsmi sərgilər, inşa müsabiqələri, əsgərləri orduya yola salma və qarşılama tədbirləri keçirir. Bunun nəticəsidir ki, kifayət qədər vətənpərvər gənclərimiz yetişir.

Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək. Vətən müharibəsində dövlətimiz və Ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan Qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir.

Tarixin sınaqları xalqın öz potensialını zaman-zaman yenidən kəşf etməsi üçün bir imkan olur. 44 günlük Vətən müharibəsi də bizim üçün böyük bir sınaq idi. Xalq olaraq bu sınaqdan alnıaçıq, üzüağ çıxdıq. Haqq-ədalət uğrunda savaşımız böyük Qələbəmizlə başa çatdı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı düşməndən azad etdi. Parlaq qələbəmiz xalqın milli qürurunu yüksəltdi. Əsrlərin zəfəri olan bu qalibiyyət bizdə özünəinamı gücləndirdi. Cəmiyyətimizdə milli birliyin nə qədər sarsılmaz olduğunu, həlledici anlarda hamının yumruq kimi birləşərək ümumi amal uğrunda çarpışdığını və məqsədə nail olduğunu gördük.

Azərbaycan Ordusu üçün uğurlarla başa çatan, Zəfərlə yekunlaşan, 44 gün davam edən və 28 illik işğala son qoyan Vətən müharibəsi bir daha göstərdi ki, döyüş hazırlığı və təcrübəsi yüksək olan zabit, əsgər həmişə savaşda düşmənə qalib gəlir, iştirakçısı olduğu əməliyyatlardan qələbə ilə çıxır. Qeyd olunan bütün bu və digər mühüm amilləri nəzərə alan Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə hərbi hissə və birləşmələrdə təlimlər keçirir. Səmərəli keçən təlimlərin iştirakçısı olan zabit və əsgərlər daim yeni döyüş vərdişlərinə yiyələnir, biliklərini daha da təkmilləşdirirlər. Komandanlıq döyüş hazırlığının artırılmasına təkan verən təlimlərin keçirilməsini daim diqqət mərkəzində saxlayır.

Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Ona görə də biz gənclər vətən sevgisi ilə yoğrulmuşuq. Və bizim qəhrəman əsgərlərimiz də vətənin hər qarışını, hər daşını, hər qayasını, qısacası vətənimizin hər bir zərrəsini canları bahasına qorudular və qorumağa da davam edirlər. Onlara hörmətimiz sonsuzdur.

 

Nəsimi rayon sakini Hüseynli Billurə

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki